Bakı Fond Birjasının rəhbərliyinin tərkibi və 2012-ci ilin sonuna qədər strateji planı təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2010 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir N.İsmayılova/

Fevralın 5-də Bakı Fond Birjasının (BFB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda BFB-nin 2010-2012-ci illər üzrə strateji planı qəbul edilib. Bu barədə bazar ertəsi BFB-nin yayılan məlumatında deyilir.

Plana əsasən, qiymətli kağızlarla ticarətin mexanizminin və klirinq-hesablaşma sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmasının başa çatdırılması, risklərin idarə edilməsi sistemlərinin modifikasiyası və standartlaşdırılması, həmçinin daxili potensialın inkişaf etdirilməsi növbəti üç il ərzində birjanın fəaliyyətinin prioritet istiqamətləri kimi qəbul edilib.

Ortamüddətli perspektivdə isə BFB-nin əsas strateji hədəflərindən biri olaraq yeni birja alətlərinin işlənib hazırlanması müəyyən edilib.

Yığıncaqda həmçinin BFB-nin 2010-cu il üzrə büdcəsi qəbul edilib. Büdcədə cari il üzrə birjanın gəlirlərinin 1,313 milyon manat, xərclərinin 111,1 milyon manat, mənfəətin isə 201,31 min manat məbləğində olacağı planlaşdırılır.

Yığıncaqda səhmdarlar tərəfindən təşkilati məsələlərə də baxılıb. BFB-nin növbəti iki il üzrə Müşahidə Şurasının yeni tərkibi sədr Cahangir Hacıyev ("Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri) və üzvlər Araz Əliyev ("Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini), Samir Balayev ("Unibank" ASC-nin Müşahidə Şurası sədrinin müşaviri), Mansur Məmmədov ("Caspian Financial" MMC-nin direktoru), Mətanət İskəndərova ("Standard Capital" MMC-nin direktoru), Cəfər İbrahimov ("Texnika Kapital Menecment" MMC-nin direktoru) və Həsən Bədəlov ("Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini) olmaqla təsdiq edilib.

Daha sonrakı növbəti üç il müddətinə BFB-nin İdarə Heyətinin sədri vəzifəsinə yenidən Xəyal Abdinov təyin edilib. Həmçinin birjanın Maliyyə-Təftiş Komissiyasının yeni tərkibi sədr Vaqif Əfəndiyev, üzvlər Faiq Baxşıyev və Mətin Əmiraslanov olmaqla təsdiq edilib.

Yığıncağın sonunda səhmdarlar "Xalq Kapital" MMC-nin BFB-nin səhmdarları sırasına daxil edilməsi ilə bağlı müraciətini nəzərdən keçirib. Qərara alınıb ki, birjanın xalis aktivlərinin dəyəri nəzərə alınmaqla, əlavə emissiya ediləcək 300 ədəd səhm nominal qiymətinin iki mislindən artıq məbləğdə dəyərləndirilərək yeni səhmdara təklif ediləcək.

Bu gün BFB 1,14 milyon manat nizamnamə kapitalı ilə 18 səhmdara malikdir.

Fevralın 08-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti