...

ÜTT Katibliyi Azərbaycan üzrə işçi qrupunun tərkibini genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2010 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir İ.Xəlilova/

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Katibliyi dörd ölkə əlavə etməklə Azərbaycan üzrə işçi qrupunun tərkibini genişləndirib. Bu barədə cümə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

"Azərbaycan üzrə işçi qrupuna qoşulanların sırasında Ukrayna, Braziliya, Ekvador və İsveçrə var", - agentliyin müsahibi bildirib.

Nəticədə işçi qrupunun üzvlərinin ümumi sayı Aİ-nin 27 ölkəsi də daxil olmaqla 32-yə çatıb.

ÜTT Katibliyi yanında Azərbaycan üzrə işçi qrupu 1997-ci il iyulun 16-da yaradılıb.

1997-ci ildən Azərbaycan Ümumdünya Ticarət Təşkilatında müşahidəçi qismində təmsil olunub. Hazırda ölkə ÜTT-yə daxil olmaq üçün danışıqların VIII raunduna hazırlaşır. Artıq ABŞ, Aİ, Yaponiya və Cənubi Koreya üçün xidmətlər sahəsində təkliflər hazırlanıb.

Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan ölkə statusu ilə daxil olmağa çalışır. Bu, respublikanın aqrar sektora daha əhəmiyyətli maliyyə dəstəyi göstərməsinə imkan yaracaq. Cünki belə olan halda ölkə kənd təsərrüfatında istehsal edilən ümumi məhsulun 10 faizi səviyyəsində subsidiyalaşmanı saxlaya biləcək.

Hazırda Azərbaycanın aqrar sektoru üçün subsidiyalar orta hesabla 14-15 faiz təşkil edir. Ölkədə kənd təsərrüfatının böyük dəstəyə olan tələbatını nəzərə alaraq, Azərbaycan ÜTT-yə ABŞ-ın təkid etdiyi kimi, inkişaf etmiş ölkə statusunda daxil olmaqdan imtina edir. Çünki bu, beş faizədək səviyyədə subsidiyalardan istifadə imkanları yaradacaq.

Ölkənin ÜTT-yə daxil olması üzrə danışıqların növbəti raundu (VIII görüş) 2010-cu ilin birinci yarısında keçirilə bilər. Lakin bundan ötrü suallara cavabları vaxtında təqdim etmək, ikitərəfli danışıqlar aparmaq lazımdır. Növbəti görüşün vaxtı təyin olunmazdan əvvəl bir və ya bir ay yarım ərzində cavablar ÜTT Katibliyinə təqdim olunmalıdır.

Hazırda Azərbaycan ABŞ, Yaponiya, Braziliya, Ekvador, Şri-Lanka, Avropa İttifaqı, Norveç, Hindistan, Cənubi Koreya və Çinin Tayvan əyaləti ilə danışıqlar prosesindədir. 2009-cu ildə bu siyahıya İsveçrə də qoşulub.

İndiyədək Türkiyə, Oman Sultanlığı, Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar başa çatdırılıb və protokollar imzalanıb. Ölkə hələ ki sənədi nəzərdən keçirən Moldova ilə protokolun imzalanması mərhələsindədir. Qırğızıstan və Gürcüstan isə razılıqlarını bildiriblər və bu prosedur hökumətlərarası komissiyanın növbəti iclasında keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti