...

Azərbaycanın 2009-cu il üçün ödəniş balansında cari əməliyyatların hesab profisiti 10 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2010 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir İ.Xəlilova/

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı ödəniş balansına görə, 2009-cu ildə ölkənin ödəniş balansında cari əməliyyatların hesab profisiti 16,454 milyard dollara qarşı 10,2 milyard dollar təşkil edib. Bu barədə çərşənbə günü Mərkəzi Bankdan məlumat verilib. Profisitin həcmi 38,2 faiz azalıb.

"Əvvəlki illərdə olduğu kimi, neft-qaz sektorunda xarici iqtisadi əməliyyatlar üzrə müsbət saldo, qeyri-neft sektoru üzrə mənfi saldo yaranıb. Neft-qaz sektoru üzrə 14,8 milyard dollar həcmində cari hesab profisiti 4,6 milyard dollara çatan qeyri-neft sektoru üzrə cari hesabın kəsirini tam ödəməyə imkan verib", - Mərkəzi Bankdan bildirilib.

Neft-qaz sektorundan daxilolmalar əsasən neft və təbii qaz ixracının və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər mənfəətin alınması və investisiyaların repatriasiyası, avadanlıq idxalı və xidmət nəticəsində həyata keçirilir. 2009-cu ildə neft-qaz sektoru üzrə müsbət saldo 13,1 milyard dollar təşkil etmişdi.

Ötən il xarici ticarət dövriyyəsinin ümumi həcmi 27,6 milyard dollar, xarici ticarət balansında müsbət saldo 14,6 milyard dollar (36,6 faiz azalıb) təşkil edib. Mal idxalı 6,514 milyard dollar, ixrac əməliyyatları 21,097 milyard dollar təşkil edib.

Hesabat dövründə 140 ölkə ilə ticari münasibətlər qurulub. Ticarət dövriyyəsindən 10,4 faiz MDB ölkələri ilə, 89,6 faiz digər ölkələrlə əməliyyatların payına düşüb. İtaliya, ABŞ, Fransa, İsrail, Türkiyə, Rusiya, Tayvan, İndoneziya, Kanada və Böyük Britaniya ilə intensiv ticarət münasibətləri yaradılıb. Azərbaycanın ixrac-idxal əməliyyatlarının 69,8 faizi bu ölkələrin payına düşür.

Xəbər lenti

Xəbər lenti