...

AccessBank Asiya İnkişaf Bankı ilə ticarət əlaqələrini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2010 20:58 (UTC +04:00)
АссessBank Ticari Maliyyələşdirməyə Yardım Proqramında iştirak müddətinin uzadılması ilə əlaqədar Asiya İnkişaf Bankı (AİB) ilə müqavilə imzalayıb.
AccessBank Asiya İnkişaf Bankı ilə ticarət əlaqələrini davam etdirir

Azərbaycan, Bakı, 3 may /Trend/

АссessBank Ticari Maliyyələşdirməyə Yardım Proqramında iştirak müddətinin uzadılması ilə əlaqədar Asiya İnkişaf Bankı (AİB) ilə müqavilə imzalayıb. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

Bu proqram çərçivəsində AccessBank öz müştərilərinə ticari maliyyələşdirmə ilə əlaqədar beynəlxalq zəmanətlərin verilməsi üçün Asiya Bankının zəmanətlərindən istifadə edə bilər. Beləliklə, bu, bankın müştərilərinə, ilkin ödəniş həyata keçirmədən beynəlxalq təchizatçılardan avadanlığın və zəruri malların alınmasına imkan verir. AccessBank artıq bu sahədə fəal şəkildə çalışır və öz müştərilərinə həm AİB, həm də başqa beynəlxalq maliyyə institutlarının zəmanətlərini təklif edir.

"Biz beynəlxalq ticarətin inkişafının maliyyələşdirilməsi sahəsində əməkdaşlıq müddətinin uzadılmasına görə Asiya Bankına təşəkkür edirik. Bu beynəlxalq zəmanət aləti Azərbaycan sahibkarları üçün hələlik kifayət qədər yeni olsa da, biz bu alətin geniş potensialını və müştərilərimizin ona tələbatının böyük olduğunu görürük", - AccessBank-ın baş meneceri Endryu Pospilovski həmin müqavilənin bağlanmasını şərh edərək deyib.

Asiya İnkişaf Bankı beynəlxalq inkişaf üzrə maliyyə institutudur. AİB-in missiyası üzv ölkələrin inkişafı, yoxsulluğun azaldılması və həyat səviyyəsinin yüksəldilməsidir. AİB 1966-cı ildə təsis olunub və bankın maliyyə mənbəyi qismində çıxış edən 67 üzv dövlətə məxsusdur.

АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinin, eləcə də mikro və kiçik müəssisələrin maliyyə xidmətlərindən yararlanmasını təmin etməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+).

AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti