...

Azərbaycanlı sahibkarlara birinci rübdə 19 milyon manat həcmində güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2010 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu ilin birinci rübündə sahibkarlara 19,52 milyon manat məbləğində güzəştli kredit verib. Bu barədə SKMF-nin rəsmi mətbuatda yerləşdirilmiş hesabatında deyilir.

"Bütün bu dövr ərzində fond sahibkarlıq fəaliyyətinin müxtəlif sahələrində 197 layihəni maliyyələşdirib", - məlumatda deyilir.

Bu dövrdə sənaye məhsullarının istehsalı və emalı sahəsində 4,45 milyon manatlıq 7 layihə, kənd təsərrüfatı məhsullarının emalı uzrə 1,165 milyon manat həcmində üç layihə, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 2,424 milyon manat məbləğində 180 layihə maliyyələşdirilib.

Eləcə də SKMF xidmət sahəsində ümumi məbləği 10,998 milyon manat olan altı və turizm sahəsində 15 min manatlıq bir layihəni maliyyələşdirib.

Bu layihələrin fond tərəfindən maliyyələşdirilməsi hesabına 798 yeni iş yerinin açılması təmin olunub, - məlumatda deyilir.

Yanvar-mart aylarında SKMF ümumi məbləği 2 milyon 499 min manat olan 185 kiçik kredit, 150 min manatlıq bir orta kredit, 3 milyon 040 min manatlıq 5 iri kredit və 13 milyon 363 min  manatlıq nisbətən iri kredit maliyyələşdirib.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kredit verilişi səlahiyyətli banklar və ümumi sayı 36 ədəd təşkil edən qeyri-bank təşkilatları vasitəsilə həyata keçirilir. 2009-cu ildə SKMF səlahiyyətli kredit təşkilatları vasitəsilə ümumi məbləği 30 milyon manat olmaqla 2 100-dən çox kredit verib. Bununla da ötən il SKMF hesabına güzəştli kredit alan sahibkarların sayı 2008-ci illə müqayisədə 2,6 dəfə, kreditlərin həcmi isə 48 faiz artıb.

Fond 2010-cu ildə minimum 115 milyon manat həcmində güzəştli kredit ayırmağı planlaşdırır. Onlardan 44 milyonunun dövlət büdcəsi hesabına, 71 milyon manatının isə faiz ödəmələri və əvvəllər verilmiş kreditlərin qaytarılması hesabına veriləcəyi gözlənilir. Birinci rübdə artıq 19 milyon manatlıq kredit verilib.

2010-cu ildə kənd təsərrüfatı, yüngül və qida sənayesi fond tərəfindən layihələrin maliyyələşdirilməsində prioritet istiqamət olacaq.

Xəbər lenti

Xəbər lenti