...

Azərbaycanda ilk özəl kredit bürosunun biznes planı razılaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2010 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Ü.İsmayılova/

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən işlənib hazırlanan Azərbaycanda və Mərkəzi Asiyada (Qazaxısxtan və Türkmənistan istisna olmaqla) maliyyə infrastrukturlarının inkişafı layihəsi çərçivəsində yaradılan işçi qrupu gələn həftə ikinci iclasını keçirəcək. Bu barədə cümə günü BMK layihəsinin ölkə üzrə əlaqələndiricisi Teyyub Heybətov bildirib.

"İlk iclasda "Kredit büroları haqqında" qanun layihəsinə baxılıb, ikinci iclasda isə onun müzakirəsi davam etdiriləcək, eləcə də özəl kredit bürosunun yaradılmasının biznes planı pazılaşdırılacaq və Azərbaycan nümayəndə heyətinin analoji təcrübənin öyrənilməsi üçün Mərakeşə səfərinin yekunları müzakirə olunacaq", - Heybətov deyib.

İşçi qrupuna bankların, QHT-lərin, lizinq şirkətlərinin, mikromaliyyə institutlarının, Mərkəzi Bankın və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri daxildir.

Onun sözlərinə görə, "Kredit büroları haqqında" qanun layihəsi bu il parlamentə təqdim ediləcək. Kredit bürosunun minimum məbləği proqram təminatının bahalı olması səbəbindən bir milyon dollardan çox olmalıdır. Kredit bürosunun yaradılması üçün ən azı iki il vaxt tələb olunur.

Belə kredit bürosunun təsisçiləri banklar, mikromaliyyə təşkilatları, bank olmayan kredit təşkilatları (BOKT), sığorta və lizinq şirkətləri ola bilərlər. BMK-nin apardığı sorğuya görə, büronun kapitalında iştirak etmək istəyən subyektlərin 22 faizini banklar, 21 faizini BOKT-lar, 7 faizini sığorta şirkətləri, 20 faizini isə lizinq şirkətləri təşkil edir.

BMK-nın dəstəyi ilə özəl kredit bürosunun yaradılması kredit risklərinin idarə olunmasını yaxşılaşdırmağa, borc verənlərlə borc götürənlər arasında informasiyaların uyğunsuzluğunu aradan qaldırmağa imkan verəcək ki, bu da maliyyə təşkilatlarında və bütövlükdə iqtisadiyyatda kredit risklərinin azalmasına səbəb olacaq, müsbət kredit tarixi isə potensial borc götürənlərə daha böyük məbləğdə vəsait əldə etməyə imkan verəcək.

Azərbaycanda və Mərkəzi Asiyada maliyyə infrastrukturlarının inkişafı layihəsi SECO - İqtisadi əlaqələr üzrə Dövlət Katibliyinin dəstəyi ilə reallaşdırılır.

2005-ci ildən Azərbaycanda Mərkəzi Bank yanında yaradılan Mərkəzləşdirilmiş Kredit Reyestri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti