...

Bakıda XVI Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2010" Sərgisi start götürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2010 14:42 (UTC +04:00)
Çərşənbə günü, mayın 19-da Bakı şəhərində Heydər Əliyev adına İdman Konsert Kompleksində 16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2010" Sərgisi start götürüb.
Bakıda XVI Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2010" Sərgisi start götürüb

Azərbaycan, Bakı, 19 may /Trend/

Çərşənbə günü, mayın 19-da Bakı şəhərində Heydər Əliyev adına İdman Konsert Kompleksində 16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2010" Sərgisi start götürüb. "Iteca Caspian LLC" və "ITE Group PLC" şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər. Sərginin keçirilməsinə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək verilir. Sözügedən sərgi UFI - Beynəlxalq Sərgi Cəmiyyəti (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən yüksək qiymətə layiq görülüb. "UFI tərəfindən təsdiq edilib" nişanı sərgilərin bütün beynəlxalq standartlara cavab verməsini sübuta yetirir.

Bu il "WorldFood Azerbaijan" sərgisində dünyanın 18 ölkəsindən, o cümlədən, Azərbaycan, Belarus, Bolqarıstan, Latviya, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrdən 85 şirkət iştirak edir. Sərgidə "Badamlı", "Beta", "Jalə", "John Deere", "PalSud" və digər aparıcı ticarət nişanları təqdim olunur. Sərginin ümumi iştirakçılarının 60 faizini yerli şirkətlər təşkil edəcək. Macarıstan, İran, Fransa, ABŞ, BƏƏ və digər ölkələrdən olan debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirlər. Eksponentlərin 20 faizi "WorldFood Azerbaijan" sərgisinin daimi iştirakçılarıdırlar və artıq bir neçə ildir, sözügedən sərgidə öz məhsul və xidmətlərini uğurla nümayiş etdirirlər. Bu şirkətlərin siyahısına "CPC" (Azərbaycan), "Gilan" (Azərbaycan), "PIM" (Bolqarıstan), "Roqaçevski Süd Kombinatı" (Belarus), "Plattenhardt+Wirth GmbH" (Almaniya), "ABP" (Türkiyə), "Akmaya" (Türkiyə) və digər şirkətləri aid etmək olar. Sərgidə iştirakçıların geniş coğrafiyasını onunla əlaqələndirmək olar ki, bu layihə üzərində ITE Group plc şirkətinin beynəlxalq tərəfdaşları - EUF (Türkiyə), GIMA (Almaniya), ITE Gulf (BƏƏ), ITE China (ÇXR), ITE Poland şirkətləri fəal surətdə cəlb olunublar.

"WorldFood Azerbaijan 2010" bir neçə tematik ekspozisiyalara bölünüb: "WorldFood", "WorldDrink", "FoodPack" və "WorldFoodTech" bölmələri həm xarici, həm də daxili meydançaları tutur. "WorldFood" sərgisində ət və quş məhsulları, konservləşdirilmiş qidalar, süd məhsulları, dondurma, baqqaliyyə malları, meyvə və tərəvəzlər, uşaq və pəhriz yeməkləri, tütün məmulatları, bal və digər ənənəvi bölmələr təqdim olunur. Bərdə, Daşkəsən, Qəbələ, Salyan, Şurabad, habelə Azərbaycanın digər rayonlarının yerli zavod və fabriklərinin məhsulları fəal şəkildə təqdim olunur. Naxçıvan Muxtar Respublikasının birgə stendinə Naxçıvanın qida sənayesinin 20 istehsalçı müəssisəsinin ekspozisiyası daxildir.

Hal-hazırda, Azərbaycanda üzümçülük sahəsi öz yüksəliş mərhələsini yaşayır. Fransa, Moldova və İtaliyadan olan mütəxəssislər tərəfindən üzüm emalı və şərab istehsalı üzrə yeni zavodlar inşa edilir. Bununla əlaqədar olaraq, "WorldDrink" bölümündə geniş çeşiddə içkilər və onların istehsalı üzrə texniki istehsal xətləri təqdim olunur.

"FoodPack" bölümünün stendlərində isə Azərbaycan, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrin istehsalı olan geniş çeşiddə qablaşdırma avadanlıqları ilə tanış olmaq mümkündür. Sərgidə Azərbaycanda hələ mövcud olmayan qablaşdırma, maye doldurulması üzrə ən yeni texnologiya və avadanlıqlar təqdim edilir.

"WorldFoodTech" bölümündə qida sənayesinin müxtəlif istiqamətləri, laboratoriya analizləri üçün avadanlıqlar nümayiş etdirilir. Sevindirici haldır ki, minizavodlar və kiçik sahibkarlıq üçün avadanlıqlar, o cümlədən, istehsalın ilkin mərhələsi üçün nəzərdə tutulmuş avadanlıqlara həsr edilmiş ekspozisiya kifayət qədər genişlənmişdir. Ölkə əhalisinin 2008 - 2015-ci illərdə ərzaq məhsulları ilə etibarlı şəkildə təmin edilməsi üzrə Dövlət Proqramı çərçivəsində xüsusi diqqət quş ətinin istehsalı, broyler təsərrüfatları, eləcə də onların müasir texnologiyaların tətbiqi yolu ilə rekonstruksiya edilməsinə yönəlmişdir. Bununla əlaqədar olaraq, sərgidə quşçuluq üçün avadanlıqlar və bütün növ soyuducu qurğular təqdim edilir.

Sərgi bu il də öz ənənələrinə sadiq qalaraq, sənayenin yeni sahələrinin inkişafına yardım göstərməkdə davam edəcək. Belə ki, Qafqaz regionunda ilk dəfə olaraq "WorldFood Azerbaijan 2010" sərgisi çərçivəsində Azərbaycan və digər ölkələrin "halal" ərzaq məhsulları istehsalçılarını bir araya gətirən "HalalFood Azerbaijan" bölməsi təşkil olunub.

"WorldFood Azerbaijan 2010" sərgisi çərçivəsində təqdimat mərasimləri və parlaq kulinariya şouları keçirilır. Belə ki, iştirakçı şirkətlərin stendlərinə çörəkbişirmə prosesini izləmək, bal və bir çox maraqlı ərzaqların dadına baxmaq mümkündür.

2010-cu ildə keçiriləcək sərgilərdə "Paşa Sığorta", "Azerfon - Vodafone", "Caspel", "Qafqaz Point Hotel", "SIAR" və "Az.StarNet" kimi şirkətlər tərəfdaş qismində çıxış edəcəklər. Sərginin rəsmi internet provayderi "Az.StarNet" şirkəti tərəfindən sərgi iştirakçıları və ziyarətçiləri üçün "hotspot" - internetə simsiz qoşulma imkanı təşkil edilib.

Keçirildiyi illər ərzində sərgi kifayət qədər əhəmiyyətli hədəf auditoriya bazası toplamış və sözügedən sektorun peşəkarları üçün işgüzar platformaya çevrilmişdir. Belə ki, 16 illik təcrübə ənənədən də artıq bir göstəricidir. Bu, beynəlxalq işgüzar ictimaiyyət üçün "WorldFood Azerbaijan" sərgisinin qida sənayesi mütəxəssislərinin illik görüşləri üçün etibarlı bünövrə olduğunu sübuta yetirən keyfiyyət nişanıdır. Beləliklə, sərgi, demək olar ki, bütün istiqamətləri əhatə edir və ölkənin ərzaq sektorunun ən mühüm və seçilən hadisəsi sayılır. Sərgi işgüzar forum rolunu oynamaqla yanaşı, beynəlxalq əməkdaşlıqların qurulmasına, qida məhsulları çeşidinin müxtəlifləşdirilməsinə imkan yaradır və bu sektora olan marağın yüksəlməsinə, Azərbaycanın qida sənayesinə qoyulan sərmayələrin artırılmasına və ən yeni texnologiyaların tətbiqinə yardım göstərir. Sərgi öz işini 21 may tarixinə kimi davam etdirəcək. Növbəti dəfə sərgi 2011-ci ildə yeni "Bakı Ekspo" sərgi və konfrans mərkəzində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti