...

Azərbaycan bankı Parabankın aktivləri il ərzində təxminən 40 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2010 19:55 (UTC +04:00)
"Parabank" ASC-nin kredit portfeli iyunun 1-nə 68 456 507,43 manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə olan göstəricidən 15,6% çoxdur.
Azərbaycan bankı Parabankın aktivləri il ərzində təxminən 40 faiz artıb

Azərbaycan, Bakı, 2 iyul /Trend/

"Parabank" ASC-nin kredit portfeli iyunun 1-nə 68 456 507,43 manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə olan göstəricidən 15,6% çoxdur. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.

Yalnız bu ilin may ayı ərzində bankın kredit portfeli 2,27% artıb. Hesabat dövrünün sonuna bank tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 36 875 930 manat olub.

Yüksək artım tempi həmçinin bankın digər maliyyə göstəricilərində də öz əksini tapıb. Belə ki, bankın depozit portfeli 2010-cu ilin əvvəlinə nisbətən 5,96% artaraq, iyunun 1-nə 59 795 240 manat səviyyəsinə çatıb. Bankın qəbul etdiyi müddətli depozitlərin həcmi bu ilin 5 ayı ərzində 9,71%, artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 41% çox olub. Depozit portfelinin 91,5%-ni fiziki şəxslərin əmanətləri təşkil edir. Bu göstərici 2010-cu ilin əvvəlinə nisbətən 6,85%, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən isə 32,73% artıb, iyunun 1-nə 53 729 990 manat təşkil edib. Əmanətlərin artımı, əsasən, müştərilərə təklif olunan depozit məhsullarının cəlbedici şərtləri hesabına təmin olunub.

2009-cu ilin ilk 5 ayının yekunları ilə müqayisədə bankın aktivləri 39,5% artaraq, iyunun 1-nə 100 572 120 manat təşkil edib. Aktivlərin artımı 2010-cu ilin əvvəli ilə müqayisədə 13,55% olub. Yalnız may ərzində bankın aktivləri 0,85% artım nümayiş etdirib.

Son bir ildə bankın məcmu kapitalı 16,3% artaraq, iyunun 1-nə 13 288 160 manata çatıb.

Hesabat dövrünün sonuna bankın ümumi gəlirləri 7 403 970 manat təşkil edib ki, bu da 2009-ci ilin eyni dövrünün nəticələri ilə müqayisədə 45,80% çoxdur. Bankın əldə etdiyi gəlirlərin 85,71%-i müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,76% artıb və hesabat dövrünün sonuna 6 346 630 manat olub.

2010-cu ilin iyun ayının əvvəlinə bank tərəfindən dövriyyəyə buraxılmış plastik kartların sayı 3697 ədədi keçib. 2009-cu ilin əvvəli ilə müqayisədə bu göstərici üzrə artım 26,09% olub. Hesabat dövrünün sonuna banka məxsus bankomatların sayı 13, bank tərəfindən ticarət və iaşə obyektlərində quraşdırılmış POS-terminalların sayı 125 ədədə çatdırılıb.

"Parabank" ASC plastik kart xidmətləri bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.

Müstəqil Azərbaycanın ilk kommersiya banklarından olan "Parabank" ASC 1991-ci ildən etibarən müştərilərinə geniş çeşiddə universal maliyyə xidmətləri təklif edir. 2007-ci ilin iyul ayından "Parabank" ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Hazırda bankın 17 filialı var.

Bank respublikanın regionlarında fəaliyyətin genişləndirilməsinə xüsusi diqqət yetirir. "Parabank" ASC regionlarda özəl biznesə girovsuz kredit təqdim edən azsaylı banklardandır. Respublikanın aqrar sektorunun maliyyə ehtiyaclarının ödənilməsində fəal iştirak bankın strateji inkişaf planında mühüm yer tutur.

Xəbər lenti

Xəbər lenti