...

Ərəb investisiyaları Avropaya qazla kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2010 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir A.Bədəlova/

Qazın Xəzər regionundan Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutan "Nabukko" qaz kəməri ilin sonunadək öz səhmdarlarının sayını artıra bilər. Layihə iştirakçısı olmaq arzusunda olanlardan biri də Əbu-Dabi International Petroleum Investment Company (IPIC) Dövlət Fondudur. Şirkətə yaxın olan mənbənin sözlərinə görə, IPIC 2010-cu ilin sonunadək layihədə səhm paketi əldə etməkdə maraqlıdır.

Əbu-Dabi Milli Neft Şirkətinin törəmə şirkəti olan IPIC ölkənin neft və kimya sektorunda bütün xarici sərmayələrə görə cavabdehdir.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri layihədə 16,67 faizlik bərabər paya malikdirlər.

"Nabukko" konsorsiumu dəfələrlə bəyan edib ki, şirkətlərin layihəyə maraq göstərmələrinə müsbət yanaşır. "Nabukko" layihəsinin rəsmi nümayəndəsi Kristian Dolezalın bir müddət əvvəl Trend-ə bildirdiyi kimi, əgər layihəyə fayda gətirərsə və layihənin səhmdarları tərəfindən qəbul olunarsa konsersium həmişə yeddinci tərəfdaş üçün açıq olacaq.

İnvestisiya şirkətinin layihədə iştiraka və "Nabukko" qaz kəmərinin inşasına sərmayə yatırmaqda marağı onun həyat qabiliyyətinə olan inamı göstərir.

IPIC layihədə iştirakı sayəsində nəinki layihədəki payının yenidən satışından fayda əldə edə bilər, həm də öz ölkəsinin ixracı əhəmiyyətli dərəcədə inkişaf etdirmək niyyətlərinə kömək edə bilər. Bu gün ölkə maye təbii qazın ən iri ixracatçıları sırasına daxildir.

BƏƏ öz hasilatı sayəsində daxili tələbatı təmin edə bilməməsi üzündən onu idxal etmək məcburiyyətindədir. BP-nin məlumatına görə, 2009-cu ildə ölkədə qaza tələbat 59,1 milyard kubmetr, qaz hasilatı 48,8 milyard kubmetr təşkil edib. Ölkədə təsdiq edilmiş yataqlar, BP-nin 2010-cu ilin əvvəllərinə olan məlumatına görə, 6,43 trilyon kubmetr təşkil edib ki, bu da dünyada təsdiq edilmiş qaz yataqlarının 3,4 faizini təşkil edir.

Son vaxtlar BƏƏ Türkmənistan qazına fəal maraq göstərir. Eləcə də ölkə artıq çoxdan iri türkmən yataqlarının inkişafına sərmayə yatırılması üzrə danışıqlar aparır. BƏƏ Türkmənistanda investisiyalar üçün 328 milyard dollar həcmində öz dövlət investisiya fondundan istifadə etmək niyyətindədir.

Türkmən qazı daxili tələbatı ödəməklə yanaşı, Avropaya ixrac olunması üçün yanacaq kimi də istifadə oluna bilər. Və bu planda daha real variant "Nabukko" qaz kəməridir. IPIC şirkəti Avstriyanın "Nabukko"nun operatoru olan OMV şirkətində 20 faizlik paya malikdir.

IPIC-in "Nabukko"da pay əldə etməsi, gələcəkdə onu ərəb şirkətlərinə yenidən satmasından, öz növbəsində həmin şirkətlərin də bu sövdələşmədən qazanc əldə etmələri layihəyə xeyir verə bilər, həmçinin, onun ehtiyat bazası əldə etməsinə kömək edə bilər. Azərbaycan, İraq və Türkmənistana 2011-ci ildə tikintisinə başlanılacaq "Nabukko" qaz kəmərinin doldurulmasının əsas mənbələri kimi baxılır.

BƏƏ türkmən qazı ilə yanaşı, Avropanın İraq qazının əldə etməsinə də yardımçı ola bilər. 2009-cu ilin mayında BƏƏ-nin Crescent Petroleum şirkəti və onun BƏƏ-dəki Dana Gas törəmə şirkəti Avstriyanın OMV və Macarıstanın MOL şirkətləri ilə Şimali İraqda qaz hasilatı üzrə konsorsium yaradıblar ki, bu konsorsium "Nabukko" kəməri ilə Avropaya qaz nəql edəcək.

Beləliklə, IPIC şirkətinin "Nabukko"da pay əldə etməsinə həm şirkət, həm də layihə üçün sərfəli və müsbət addım kimi baxmaq olar.

Layihənin dəyəri 7,9 milyard avro təşkil edir. Layihənin ümumi dəyərinin 30 faizi Nabucco Gas Pipeline International-ın sərmayədarları tərəfindən iştirak payı əsasında, yerdə qalan 70 faiz isə kreditlər hesabına ödəniləcək.

Xəbər lenti

Xəbər lenti