...

Bakıda Dünya Bankı ilə dəmiryol nəqliyyatı və ticarətinə yardım layihəsi barədə ikitərəfli məsləhətləşmələr aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2010 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Bakıda dəmiryol nəqliyyatı və ticarətinə yardım layihəsi çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC və Dünya Bankı (DB) arasında ikitərəfli məsləhətləşmələr aparılır. Bu barədə QSC-nin çərşənbə günü yayılan məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, görüş iyulun 7-dən 12-dək davam edəcək.

DB nümayəndə heyətinə nəqliyyat üzrə baş mütəxəssis və layihə qrupunun rəhbəri Cerald Olivye başçılıq edir. Nümayəndə heyəti Bakıya dəmiryol nəqliyyatına yardım layihəsinin icmalı məqsədilə gəlib.

Ölkə hökuməti və DB ilə kredit razılaşması 2009-cu ilin dekabrında imzalanıb.

Layihənin ümumi dəyəri 673,8 milyon dollar təşkil edir ki, bunun da 450 milyon dolları DB-nin kreditinin payına düşür. Layihə ümumi dəyəri 1,2 milyard manat olan "Azərbaycan Respublikasında dəmiryol nəqliyyatı sisteminin 2010-2014-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın tərkib hissəsidir.

DB-nin kredit resursları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə səkkiz illik imtiyazlı dövr əsasında 23 il müddətinə verilir.

Borcgötürən tərəfindən ödəniləcək kredit komissiyası 0,25 faiz səviyyəsində müəyyənləşib. Kredit üzrə ödənişlər ildə iki dəfə - iyunun 15-də və dekabrın 15-də həyata keçiriləcək.

Kredit çərçivəsində dəmir yolunun Bakı-Böyük Kəsik məntəqəsinin (Gürcüstan sərhədi) yenidən qurulması planlaşdırılıb. Birinci mərhələdə dəmir yolunun 300 km uzunluğu təmir ediləcək.

Ümumilikdə layihə çərçivəsində 503 km-lik dəmir yolunun təmir-bərpası nəzərdə tutulub, sərmayələr Bakı-Böyük Kəsik istiqmətində daimi gərginlikdən dəyişkənə keçirilməsinə, dəyişkən gərginlikdə işləmək üçün 50 yeni lokomotivin alınmasına yönələcək. Layihə sərnişindaşımaları üçün dəmiryol hərəkətinin 100 km/saatadək, yükdaşımaları üçün isə 80 km/saatadək sürətləndirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti