...

Azərbaycanda İxrac-İdxal Bankının təsis olunma zərurəti mövcuddur

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2010 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda İxrac-İdxal Bankının təsis olunması zərurəti mövcuddur. Bu barədə BMT-nin Mərkəzi Asiya ölkələri üçün Xüsusi Proqramının (SPECA) cümə axşamı Bakıda təqdim olunan "Azərbaycanda ticarətdə tələbatın və insan inkişafının qiymətləndirilməsi" adlı hesabatında deyilir.

"İxracatçılara və idxalçılara kreditlərin verilməsində maliyyə yardımı göstərmək, eləcə də ölkədə beynəlxalq ticarətin təşviqi məqsədilə ixrac-idxal əməliyyatlarının maliyyələşdirilməsində iştirak edən strukturların fəaliyyətini əlaqələndirmək üçün əsas maliyyə institutu olan İxrac-İdxal Bankının təsis olunması vacibdir", - hesabatda deyilir.

Hesabatda, həmçinin, ölkədə sərfəli biznes mühitinin yaradılması, gömrük inzibatçılığının təkmilləşdirilməsi üzrə tövsiyələr verilir.

"Dövlət Gömrük Komitəsinə rəsmi status aldıqdan sonra, audit sisteminin tətbiqi tövsiyə olunur ki, bu da şirkətlərin bütün əməliyyatlarının fəaliyyətinə nəzarət etməyə imkan verir", - hesabatda bildirilir.

2010-cu ilin yanvar-may aylarında Azərbaycanda ÜDM 4,5 faiz artıb, adambaşına onun həcmi isə 3,1 faiz təşkil edib. Beş ayın yekunları üzrə ölkədə mal dövriyyəsinin həcmi 10,6 milyard dollar təşkil edib. Bu müddət ərzində Azərbaycan 126 ölkə ilə ticarət əlaqələrinə malik olub və xarici ticarətdə müsbət saldo 5,8 milyard dollar təşkil edib. 2009-cu ilin analoji dövrü ilə müqayisədə, ölkədə mal dövriyyəsinin həcmi 53,5 faiz, ixrac 78 faiz, idxal isə 4,4 faiz artıb.

Xəbər lenti

Xəbər lenti