...

Azərbaycan-Pakistan lizinq şirkəti üç il ərzində portfelini 21 milyon manata çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2010 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.Xəlilova/

MCB Lizinq şirkəti strateji inkişaf planı çərçivəsində 2012-ci ilin sonunadək öz portfelini 21 milyon manata çatdırmağı planlaşdırır. Bu barədə şirkətin İdarə Heyətinin sədri Ramal Cəfərov çərşənbə axşamı bildirib.

"2010-cu ilin sonunadək əsasən ölkənin qeyri-neft sektorunda lizinq xidmətlərinin göstərilməsi vasitəsilə formalaşdırılması planlaşdırılan şirkətin lizinq portfeli təxminən iki milyon manat səviyyəsində proqnozlaşdırılır, - Cəfərov deyib. - Üstünlük istehsal, kənd təsərrüfatı emalı, tibb, maliyyə və IT sektoru üçün avadanlıqların alınmasına veriləcək".

Onun sözlərinə görə, MCB Lizinq qısamüddətli perspektivdə "şəriət" prinsipləri üzrə xidmət göstərməyi planlaşdırmır. Şirkət istehlak sektorunda lizinq xidmətlərinin göstərilməsində maraqlı deyil.

İlkin şərtlərə görə, ilk ödəmənin maksimum məbləği 30 faizi keçməyəcək, maksimum müddət isə 18-19 faiz dərəcələri ilə 7 ilədəkdir.

Bu günə bank xidmətlərinin göstərilməsi üçün Access Bank və Pakistan Milli Bankının Bakı filialı, sığorta xidmətləri üçün isə Paşa Sığorta şirkəti MCB Lizinq-in tərəfdaşları seçiliblər.

"MCB Lizinq" lizinq şirkəti ölkənin vergi orqanlarında 15 oktyabr 2009-cu il tarixdə dövlət qeydiyyatdan keçib. Şirkətin açılış mərasimi 2010-cu il iyulun 13-də keçirilib. Şirkətin nizamnamə kapitalı 1,5 milyon manat təşkil edir. "MCB Lizinq"in təsisçiləri iştirak payının 70 faizinə malik Pakistanın MCB Bank LTD şirkəti və Namiq Səfərovdur.

İyulun 13-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti