...

Azərbaycanda kənd təsərrüfatı kreditlərinin sığortalanması prosesinin aktivləşdirilməsi üçün dövlət zəmanəti vacibdir – bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2010 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda kənd təsərrüfatı kreditlərinin sığortalanması prosesinin aktivləşdirilməsi üçün dövlətin iştirakının və zəmanətinin olması vacibdir. Bu barədə çərşənbə axşamı "Azərqarant" SŞ-nin İdarə Heyətinin sədr müavini Şükür Hüseynov bildirib.

"Sığortanın bu növü gəlir gətirmir, Azərbaycanda isə sığortaçıların əksəriyyəti özəl şirkətlərdir [ölkədə fəaliyyət göstərən 27 sığorta şirkətindən yalnız biri dövlət şirkətidir] ki, bu da sığortanın bu növü üçün problemlər yaradır", - Hüseynov hesab edir.

Onun fikrincə, hazırda Azərbaycanda kənd təsərrüfatı kreditlərinin sığortalanması üzrə dövlət tərəfindən maliyyələşdirilən mükafatların payı 50 faiz təşkil edir, lakin hətta 60 faiz dövlət zəmanəti bu sahədə risklərin səviyyəsini azalda bilmir. Bu da sığortaçıların sığortanın bu növü üzrə xidmət göstərməkdə maraqlı olmamalarının əsas səbəblərindəndir.

"Əgər ölkədə həm fermerləri, həm də sığortaçıları müdafiə edəcək ciddi mexanizm işlənib hazırlanarsa, sığorta şirkətləri kənd təsərrüfatı kreditlərinin sığortalanması üzrə xidmətlər göstərə bilərlər", - Hüseynov deyib.

Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası (AMFA) OXFAM humanitar təşkilatının dəstəyi ilə çərşənbə axşamı "Kənd təsərrüfatı kreditlərinin sığortalanması mexanizmi" layihəsinin ilkin variantının təqdimatını keçirib. Layihənin sonradan ölkə hökumətinə təqdim olunması planlaşdırılır.

Belə mexanizmin işlənməsində əsas məqsəd xırda fermerlərin maliyyə vəsaitlərindən istifadəsini təmin etmək, eləcə də Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstəkdir.

2007-ci ilin yayında "Azərbaycanda kənd təsərrüfatına yardım və inkişaf haqqında" qanuna əlavə və dəyişikliklərin qəbul edilməsi ilə dövlətin kənd təsərrüfatı sığortası üzrə mükafatlarının maliyyələşdirilməsində payı 25 faizdən 50 faizədək artırılıb.

Yerdə qalan 50 faiz sığorta şirkətləri tərəfindən sığortalanır. Azərbaycanda kənd təsərrüfatı sığortasının orta tarifləri ildə 1500 manata yaxındır (hər hektara beş faiz, bu zaman torpağın hər hektarından orta gəlir ildə 25 min manata yaxın təşkil edir).

Dövlət büdcəsi hesabına sığortalanan kənd təsərrüfatı bitkilərinin siyahısına taxıl, arpa, qarğıdalı, günəbaxan, kartof, şəkər çuğunduru, tərəvəz və göyərti daxildir.

Xəbər lenti

Xəbər lenti