...

Azərbaycan şirkəti tibbi xidmətin göstərilməsi üzrə korporativ müştərilərin siyahısını genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 12:30 (UTC +04:00)
"Paşa Sığorta" "Yunayted Kredit Bank"ın korporativ tibbi sığortaçısının seçilməsi üzrə keçirilən müsabiqə prosesinin nəticələrinə görə qalib elan olunub, - çərşənbə günü şirkətdən verilən məlumatda deyilir.
Azərbaycan şirkəti tibbi xidmətin göstərilməsi üzrə korporativ müştərilərin siyahısını genişləndirib

Аzərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Ü.İsmayılova/

"Paşa Sığorta" "Yunayted Kredit Bank"ın korporativ tibbi sığortaçısının seçilməsi üzrə keçirilən müsabiqə prosesinin nəticələrinə görə qalib elan olunub, - çərşənbə günü şirkətdən verilən məlumatda deyilir.

"Keçən həftə "Yunayted Kredit Bank" ASC-nin idarə heyətinin sədri Azad İsgəndərov və "Paşa Sığorta" ASC-nin idarə heyətinin sədri Nofəl Rzayev tərəfindən imzalanmış tibbi sığorta üzrə müqavilə müxtəlif kateqoriyalı bank və inzibati personalı özündə birləşdirməklə bütün işçi heyətini əhatə edir", - məlumatda deyilir.

Müqavilənin imzalanmasından əvvəl, "Yunayted Kredit Bank"ın kadr-inzibati istiqamət üzrə rəhbərliyinin iştirakı ilə müqavilənin icra modeli ilə bağlı təqdimat keçirilib.

"Biz bank əməkdaşlarının tibbi sığorta proqramının yenilənməsinə çoxdan hazırlaşırdıq. "Paşa Sığorta" tərəfindən təklif olunan layihənin icra modeli, göstərilən xidmətlərin spektri və müqavilənin qiymət amili bizim bankımız üçün ən uyğun seçim oldu. Biz, həmçinin, "Paşa Sığorta" ilə digər bank sığorta məhsulları üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün yaxşı perspektivlər görürük", - "Yunayted Kredit Bank" ASC-nin idarə heyəti sədrinin müavini Vahid Əliyev müsabiqə prosesinin nəticələrini elan etdikdən sonra bildirib.

Öz növbəsində "Paşa Sığorta" şirkətinin əməliyyat direktoru Fuad Nəcəfli müqavilənin imzalanmasından sonra demişdir: "İri sənaye və xidmət müəssisələri ilə yanaşı, "Paşa Sığorta"nın tibbi sığorta üzrə müştəriləri sırasında Azərbaycan Mərkəzi Bankı, "Bank Respublika", "Paşa Bank", "Access Bank", "Dəmir Bank" və "Bank Avrasiya" kimi ölkənin maliyyə institutları vardır.

"Paşa Sığorta"nın multiprovayder modeli əsasında qurulmuş tibbi sığorta xidməti şirkətə müraciət edən müştərilərə 24 saat xidmət göstərməklə əməkdaşlıq etdiyi tibb müəssisələri və apteklər şəbəkəsində göstərilən xidmətlərin keyfiyyətinə nəzarət edir.

"Paşa Siğorta" "Paşa Holdinq" qrupunun üzvüdür və sığortanın 31 növü üzrə korporativ və fərdi müştərilərə xidmət göstərir. 20 milyon manat nizamnamə kapitalı və 28 milyon manat ümumi aktivləri ilə "Paşa Sığorta" kapitallaşdırmanın həcminə görə ölkənin ilk üç sığortaçısı siyahısına daxildir.

2007-ci ildən "Paşa Sığorta" Böyük Britaniyanın "Moody International" agentliyi tərəfindən sığorta məhsullarının ISO 9001:2000 keyfiyyət idarəetmə standartlarına və xidmətlərinə uyğunluq səviyyəsinə görə sertifikatla təltif olunub. Tibbi sığorta xidmətinin işi də həmçinin bu beynəlxalq standartla əhatə olunub.

İyulun 14-nə olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti