...

Lənkəran şəhərində "Regionlarda sahibkarların maarifləndirilməsi" mövzusunda tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2010 07:20 (UTC +04:00)
İyulun 14-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərində “Regionlarda sahibkarların maarifləndirilməsi” tədbiri keçirilmişdir. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Lənkəran şəhərində "Regionlarda sahibkarların maarifləndirilməsi" mövzusunda tədbir keçirilib

İqtisadi İnkişaf Nazirliyi tərəfindən regionların inkişafı, yerli sahibkarların ixrac imkanlarının genişləndirilməsi, sahibkarlığın məsləhət və informasiya təminatının yaxşılaşdırılması, eləcə də regionlardakı müəssisələrə dövlət dəstəyinin daha da gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

İyulun 14-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərində "Regionlarda sahibkarların maarifləndirilməsi" tədbiri keçirilmişdir. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri və Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, ölkənin ixrac imkanlarının sürətlə genişləndiyini bildirmiş, ölkə başçısının 2010-cu il 14 may tarixli "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanının ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir nümunəsi olmaqla, qeyri-neft sektorunun inkişafında, biznes mühitinin daha da yaxşılaşdırılmasında, ixracın stimullaşdırılmasında, idxal-ixrac əməliyyatlarının genişləndirilməsində xüsusi əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi ilə bağlı qaydalara edilmiş əlavə və dəyişikliklərə əsasən, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin sayı və prosedurlar azaldılmış, ixrac prosesində hesablaşma qaydaları sadələşdirilmiş və ixracatçılar üçün daha əlverişli şərait yaradılmışdır.

Sonra Nazirliyin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdir müavini Xəzər Bəşirov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin sektor müdiri Rüstəm Mahmudov çıxış edərək ixracın təşkili və idarə edilməsində biznes tədrisinin əhəmiyyəti vəelektron ticarətin sahibkarlıq fəaliyyətinin inkişafında rolu barədə tədbir iştirakçılarına məlumat vermişlər.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponenti kimi sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsinin, onlara zə­ruri nəzəri biliklərin, praktiki bacarıq­ların, beynəlxalq təcrübənin aşılanmasının, sahib­karlıq subyektlərinə tədris-metodiki, innova­siya və konsaltinq xidmətlərinin göstərilməsinin əhəmiyyətini vurğulayaraq, biznes tədrisi sisteminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində Bakı Biznes Tədris Mərkəzi tərəfindən görülən işlər barədə məlumat vermişdir.

Tədbir çərçivəsində sahibkarlar üçün "Mövcud və yeni ixrac bazarları, onlara çıxış imkanları" və "Elektron ticarət və onun sahibkarlıq fəaliyyətinin inkişafında rolu" mövzularında məruzələr oxunmuş, təqdimatlar keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış elektron ticarət portalının təqdimatı keçirilmişdir.

Tədbirdə Avropa İttifaqına ixrac imkanları, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramının ("GSP+") əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası, www.b2b.az portalının biznesin təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə ətraflı məlumatlar verilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

Xəbər lenti

Xəbər lenti