...

SECO Azərbaycanın maliyyə sektorunun modernləşdirilməsi proqramının maliyyələşdirilməsini ilkin mərhələdə təqdir edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2010 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.Xəlilova/

İsveçrənin iqtisadi məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycanın maliyyə sektorunun modernləşdirilməsi proqramının həyata keçirilməsi üzrə maliyyələşməni təqdim etməyi ilkin mərhələdə təqdir edib. Bu barədə cümə günü İsveçrə əməkdaşlıq ofisinin Cənubi Qafqaz üzrə milli proqramının direktoru Nailə Səfərova bildirib. SECO-nun prosedurlarına əsasən, layihələr üçmərhələli təsdiqdən keçməlidir.

"Proqrama milli poçt operatoru "Azərpoçt"un gələcək fəaliyyətinin inkişafı, kapital bazarı iştirakçılarının potensialının möhkəmlənməsi və maliyyə xidməti istehlakçılarının müdafiəsi sahəsi üzrə üç mərhələ daxildir", - Səfərova qeyd edib.

Layihənin büdcəsi hələ ki dəqiqləşdirilir. Onlar Dünya Bankı ilə birlikdə həyata keçiriləcək. Səfərovanın sözlərinə görə, son iki layihə beş ilə müddətinə nəzərdə tutulacaq. Çünki bu sahədəki islahatlar yavaş templə gedir.

Kapital bazarının inkişafı layihəsinin həyata keçirilməsinə 2010-cu ilin sonunadək başlamaq planlaşdırılıb. Hazırda müxtəlif betynəlxalq donor təşkilatların və Dünya Bankının maliyyələşdiridiyi First Initiative proqramı ilə layihənin dizaynının dəqiqləşdirilməsi aparılır. Ümumilikdə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) First Initiative ilə Azərbaycan kapital bazarının inkişaf strategiyasının hazırlanmasında maliyyə və texniki dəstəyin göstərilməsi barədə razılığa gəlib. Cari ilin aprel-iyun aylarında bu layihənin həyata keçirilməsi çərçivəsində QKDK və beynəlxalq ekspertlər Azərbaycanın 2011-2015-ci illər üçün kapital bazarının inkişafı strategiyasının və onun həyata keçirilməsi üzrə ortamüddətli planın hazırlanmasını başa çatdırmağı planlaşdırıblar. Kapital bazarının modernləşdirilməsi layihəsi bu startegiyanın həyata keçirilməsinə genişmiqyaslı texniki yardımın göstərilməsini nəzərdə tutur.

SECO Azərbaycan üçün 2010-cu il büdcəsinin yeni layihələrin həyata keçirilməsi nəzərə alınmaqla 4-5 milyon dollar səviyyəsində olacağına ümid edir. Ölkəyə 2009-cu ildə üç layihənin reallaşdırılmasına 5,36 milyon dollar ayrılıb. Halbuki İsveçrə hökumətinin Azərbaycan üçün illik həddi 6-7 milyon dollar təşkil edir.

İsveçrənin Azərbaycanda fəaliyyət göstərən Cənubi Qafqaz üzrə əməkdaşlıq ofisi iki təşkilatı - İsveçrə XİN-in tərkib hissəsi olan İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə Agentliyini (Swiss Agency for Development and Cooperation - SDC) və İsveçrənin İqtisadiyyat Nazirliyinin tərkib hissəsi olan iqtisadi məsələlər üzrə Dövlət Katibliyini (State Secretariat for Economic Affairs - SECO) təmsil edir. Ofis Azərbaycanda 2002-ci ildə açılıb. Onun məqsədi Azərbaycana iqtisadi islahatların aparılmasında yardımın göstərilməsindən ibarətdir. Bu yardım infrastruktur layihələrin, eləcə də maliyyə sektorunun inkişafı üzrə layihələrə, özəl sektorun stimullaşdırılmasına, Azərbaycan hökumətinə ölkənin makroiqtisadi siyasətinin aparılmasında köməyin göstərilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti