...

"Azərbaycan Dəmir Yolları" QSC cənub istiqamətində dəmiryolun bərpasını davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2010 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC Kür çayında suyun səviyyəsinin artması nəticəsində mayın 9-da hərəkəti dayandırılan Şirvan-Astara marşrutu üzrə dəmiryolun bərpasını davam etdirir. Bu barədə cümə axşamı QSC-nin baş mühəndisi Qurban Nəzirov bildirib. Bu istiqamət üzrə hərəkət mayın 9-da dayandırılıb və iyulun əvvəlində sürət məhdudiyyəti ilə bərpa edilib.

Su səviyyəsinin artması ilə əlaqədar dəmiryolun 15-ci kilometrində, Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci (2 yerdə) və 24-cü kilometrlərində subasmanın qarşısını almaq və suyu digər istiqamətə ötürmək üçün dəmiryol yatağı beş yerdən yarılmışdı. Sonradan yarılan yol yatağı xeyli genişlənmiş, həmin istiqamətdə 23 kilometrə yaxın yolun torpaq yatağı çökməyə məruz qalmışdı.

Nəzirovun sözlərinə görə, təmi-bərpa işləri çərçivəsində möhkəmləndirmə və rabitə əlaqəsi sisteminin qurulması işləri davam etdirilir. "Lakin İran istiqamətində yüklərin və sərnişin qatarlarının hərəkəti bərpa edilib", - Nəzirov qeyd edib.

Ümumilikdə təmir-bərpa işləri çərçivəsində yolun 54-cü kilometrliyində133 metrlik körpünün zədələnmiş tağlarının dəyişdirilməsi, üst quruluş elementlərinin quraşdırılması, 23 km məsafədə torpaq yatağında yaranmış birtərəfli yatmaların ləğv olunması, hər birinin uzunluğu 10,5 metr, diametri 1,78 metr olan 6 ədəd metal borunun qoyulması nəzərdə tutulub. Həmçinin, 38 kilometr uzunluğunda rabitə, 2 kilometr uzunluğunda siqnal kabellərinin və 8 kilometr məsafədə hava xətlərinin, yıxılmış ağac dirəklərinin dəyişdirilməsi həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti