...

"KfW" Azərbaycanda su layihəsinin ikinci mərhələsinin TİƏ-nin hazırlanması üçün məsləhətçi cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2010 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İ.Xəlilova/

"KfW" Almaniya İnkişaf Bankı Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin bərpası layihəsinin ikinci mərhələsinin hazırlanması üçün məsləhətçi cəlb edir. Bu barədə bazar ertəsi "KfW"nin Bakı ofisinin rəhbəri Natiq Abdullayev bildirib.

"Öncədən bank ikinci mərhələnin həyata keçirilməsinə görə 63 milyon avronun ayrılması ilə bağlı niyyətini bildirib, lakin layihənin texniki-iqtisadi əsaslandırılması (TİƏ) işlənəndən sonra məsləhətçi tərəfindən xərclərin ümumi həcmi müəyyənləşəcək. "KfW" bu layihə üçün maliyyələşmənin həcmini artırmağa hazırdır", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, əlavə maliyyələşmə regionların su təchizatı sisteminin, kanalizasiya sistemləri üçün müasir sutəmizləyici qurğuların quraşdırılmasını tam əhatə etmək baxımından ayrılacaq. Əvvəllər "KfW"nin bu işlərin görülməsinə 23 milyon avro ayırmağa hazır olduğu bəyan edilib. Qalan xərclər isə Azərbaycan hökumətinin payı hesabına maliyyələşməli idi.

Layihənin davam etdirilməsi iki şəhəri yeni su təchizatı sisteminə qoşmağa və kanalizasiya xidmətlərini yaxşılaşdırmağa imkan verəcək. Bu, hökumətin arzusu ilə layihənin birinci mərhələsindən Gəncə və Şəkinin su şəbəkəsinin inkişafında qalan vəsaitlərin istifadə edilməsi məqsədilə çıxarılıb. "KfW"nin Bakı ofisindən deyilənə görə, bu tədbirlərin layihənin birinci mərhələsinin başa çatması və ikinci mərhələnin başlanması arasında fasiləsiz keçirilməsi planlaşdırılıb. Hazırda layihənin birinci mərhələsi çərçivəsində podratçının seçilməsi üzrə tender keçirilir və tikinti işlərinin 2010-cu ilin sonunadək başlaması gözlənilir.

Layihənin birinci mərhələsi 55 milyon avro büdcəsi ilə Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin keyfiyyətinin və etibarlığının yaxşılaşdırılmasını nəzərdə tutur. 2006-cı ilin oktyabında Berndə imzalanan sazişə uyğun olaraq, "KfW" layihənin həyata keçirilməsi üçün 37 milyon avro məbləğində kredit, İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyi (SECO) qrant qismində 10 milyon avro verəcək. Layihədə Azərbaycan hökumətinin payı 8 milyon avro təşkil edir.

Azərbaycan Nazirlər Kabineti və "Azərsu" SC SECO-dan Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin bərpası üzrə layihənin davam etdirilməsi üçün yenidən maliyyələşmə istəyib. Lakin İsveçrə Dövlət Katibliyi tərəfindən son qərar hələ ki qəbul edilməyib.

Layihənin ikinci mərhələsi üzrə məsləhətçi qismində İsveçrənin konsaltinq şirkəti "Colenco" çıxış edir. Onun vəzifəsi tenderin texniki şərtlərinin hazırlanmasından başqa, həm də Gəncə və Şəkinin su şəbəkəsinin institusional təkmilləşdirilməsindən ibarətdir. Su şəbəkələrinin təkmilləşdirilməsi və tikinti işləri üzrə tədbirlər paralel aparılacaq.

Xəbər lenti

Xəbər lenti