...

Azərbaycanın sığorta şirkəti Fransanın "AXA" şirkətinin tərəfdaşı olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2010 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın sığorta şirkəti "Alfa Sığorta" ASC səyahətlərin sığortalanması prosesininin birgə aparılması üçün Fransanın sığorta şirkəti "AXA" ilə danışıqlar aparır. Bu barədə "Alfa Sığorta" sığorta şirkətinin Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.

"AXA" ilə yeni proqrama uyğun olaraq, turistlər səyahətlərin sığortalanması üçün sığorta polislərini dünyanın istənilən ölkəsində bizim şirkət vasitəsilə ala bilərlər. İndiyədək biz digər şirkətlə tərəfdaş qismində çıxış edərək, səyahətlərin sığortalanması üzrə xidmətlər göstərmişik", - Məmmədxanlı qeyd edib.

Azərbaycanın "Turizm haqqında" qanununa əsasən, turistlərin gözlənilmədən xəstəlikdən və bədbəxt hadisələrdən sığortalanması turoperatorun təqdim etməli olduğu zəmanətin verilməsinin əsas formasıdır.

Sığorta polisi tərəfindən turistlərə bilavasitə müvəqqəti olduqları ölkədə (yerdə) tibbi yardımın göstərilməsinin ödənilməsi və sığorta vəziyyəti yarandıqda onların xərclərinin təmin edilməsi nəzərdə tutulur. Turustin tələbi əsasında turoperator (turagent) səyahətlə bağlı digər xidmətlərin sığortalanmasının göstərilməsi üzrə yardım edir.

Maliyyə yatırımlarının sığortalanması sahəsində dünya liderlərindən biri olan "AXA Group", böyüklüyünə görə Avropanın ikinci sığorta şirkətidir. "AXA Group" 1985-ci ildə təsis edilib. Şirkət 47 ölkədə təmsil olunur.

"Alfa Sığorta" ASC-nin təsisçisi 2006-cı ilin dekabrında şirkətin səhmlərinin 100 faizini alan yerli "Texnikabank" ASC-dir.

Yarımilin yekunlarına görə, şirkətin aktivləri 5 093,07 min manat səviyyəsində formalaşıb.

Şirkətin nizamnamə kapitalı 3,1 milyon manat təşkil edir. Altı ayın yekunlarına əsasən, "Alfa Sığorta" ASC-nin balanslı gəliri 484 min manat təşkil edib.

İyunun sonuna şirkət 1 156,389 min manat məbləğində sığorta haqqı yığıb, şirkətin ödənişləri isə 97,65 min manat təşkil edib. Altı ay ərzində şirkət 10 351 sığorta müqaviləsi bağlayıb.

"Alfa Sığorta"nın 30 növ, o cümlədə altı icbari və 24 könüllü növ sığorta xidməti göstərilməsi üzrə lisenziyası var.

İyulun 27-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti