...

Azərbaycanın sığorta şirkəti bank və sığorta məhsullarının kompleks satışı üçün "bir pəncərə"nin tətbiqinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2010 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın sığorta şirkəti "Alfa Sığorta" ASC ölkənin sığorta bazarında ilk dəfə olaraq "bir pəncərə" sistemi vasitəsilə bank və sığorta məhsullarının kompleks satışını təşkil etməyi planlaşdırıb ki, bu da Avropa ölkələrində yayılmış tendensiyadır. Bunu "Alfa Sığorta" sığorta şirkətinin Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlı deyib.

"Biz bank sığorta məhsulları üzrə xüsusi kataloq hazırlayırıq ki, bu da fəaliyyətin bu istiqamətinin inkişafını nəzərdə tutur. Başlıca prinsip müştərilərin "bir pəncərə" vasitəsilə həm bank, həm də sığorta xidmətlərini ala bilmələridir. Bu halda sığorta şirkətinə gəlmək lazım deyil", - Məmmədxanlı qeyd edib.

"Hazırda "Alfa Sığorta" bu konsepsiyanı hazırlayır və əməkdaşlıq etdiyimiz banklarla "bir pəncərə" kompleksi vasitəsilə sığorta məhsullarının paketini təqdim etməyi planlaşdırmışıq", - o deyib.

Bu günədək "Alfa Sığorta" sığorta şirkəti hesabı olduğu 20-dək yerli bankla əməkdaşlıq edir. Daha fəal əməkdaşlıq altı bankla edilir.

"Biz potensialını çox zəif istifadə etdiyimiz yeganə səhmdarımız olan "Texnikabank" ASC ilə əməkdaşlığımızı fəallaşdırmağı planlaşdırmışıq. Bu günədək "Texnikabank" respublikadakı bankların sayına görə üçüncü yeri tutur (bankın ölkə ərazisində 35 filialı var), lakin biz indiyədək bu filialların yalnız bəziləri ilə əməkdaşlıq qura bilmişik", - Məmmədxanlı vurğulayıb.

"Hazırda "Alfa Sığorta"nın vəzifələrindən biri "Texnikabank"ın bütün filiallarında sığorta məhsullarının satışının təşkilindən ibarətdir", - o əlavə edib.

"Alfa Sığorta" ASC-nin təsisçisi 2006-cı ilin dekabrında şirkətin səhmlərinin 100 faizini alan yerli "Texnikabank" ASC-dir.

Yarımilin yekunlarına görə, şirkətin aktivləri 5 093,07 min manat səviyyəsində formalaşıb.

Şirkətin nizamnamə kapitalı 3,1 milyon manat təşkil edir. Altı ayın yekunlarına əsasən, "Alfa Sığorta" ASC-nin balanslı gəliri 484 min manat təşkil edib.

İyunun sonuna şirkət 1 156,389 min manat məbləğində sığorta haqqı yığıb, şirkətin ödənişləri isə 97,65 min manat təşkil edib. Altı ay ərzində şirkət 10 351 sığorta müqaviləsi bağlayıb.

"Alfa Sığorta"nın 30 növ sığorta xidmətinin, o cümlədə altı icbari və 24 könüllü növ sığortanın göstərilməsi üzrə lisenziyası var.

Azərbaycanda 47 bank və 28 sığorta şirkəti fəaliyyət göstərir (şirkətin birində lisenziyanın qüvvədə olması müvəqqəti olaraq dayandırılıb).

İyulun 27-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti