...

Hindistan şirkəti Azərbaycanda gübrə istehsalı üzrə zavod tikməyi təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2010 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir E.İsmayılov/

Hindistanın "Indian Fertilizer" şirkəti Azərbaycanda ölkə qazı əsasında gübrə istehsalı üzrə zavodun tikintisinə maraq göstərir. Bu barədə Hindistanın Azərbaycandakı səfiri Debnat Şou bildirib.

"Hindistanda gübrələrə böyük tələbatın olduğunu nəzərə alaraq, hind şirkətləri Azərbaycanda ölkə qazı əsasında gübrə istehsalının təşkili barədə təkliflə çıxış ediblər, çünki bu, gübrə əldə etməyin ən ucuz yoludur", - səfir deyib.

Onun sözlərinə görə, Omanda və Əlcəzairdə artıq hind şirkətləri ilə birgə gübrə istehsal edən müəssisələr mövcuddur. Bu müəssisələrdə də yerli qazdan istifadə olunur. Bu müəssisələrdə istehsal olunan bütün məhsulları hind şirkətləri alır. Azərbaycan tərəfi ilə razılıq əldə olunarsa, hind şirkəti Azərbaycanda da analoji zavodun yaradılmasını istərdi.

Səfir deyib ki, hazırda "Indian Fertilizer" şirkətinin təklifinə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və digər strukturlar tərəfindən baxılır.

Onun sözlərinə görə, Hindistanda gübrəyə olan illik tələbat beş milyon ton təşkil edir ki, bunun da üç milyon tonu daxili istehsal və idxal hesabına qismən təmin olunur. Hindistan həm azot, həm də ammonyak gübrələrdən istifadə edir.

"Bu layihə reallaşarsa, hər iki tərəf bundan fayda əldə edər. Bu, Azərbaycan üçün əlavə gəlirlər, əlavə iş yerlərinin açılması, Hindistan üçün isə gübrəyə olan tələbatın ödənilməsi deməkdir", - Şou deyib.

Xəbər lenti

Xəbər lenti