...

Azərbaycanda dəmir yolunun inkişafına dair Dövlət Proqramı qatarların hərəkət təhlükəsizliyini təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2010 20:38 (UTC +04:00)
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi qatarların hərəkət təhlükəsizliyini təmin etməyə imkan verəcək və onların sürətinin artırılması üçün şərait yaradacaq.
Azərbaycanda dəmir yolunun inkişafına dair Dövlət Proqramı qatarların hərəkət təhlükəsizliyini təmin edəcək

Аzərbaycan, Bakı, 28 iyul /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi qatarların hərəkət təhlükəsizliyini təmin etməyə imkan verəcək və onların sürətinin artırılması üçün şərait yaradacaq. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov hakim Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramı dəmir yollarının təchizatının tam inkişafını nəzərdə tutur ki, bu da qatarların təhlükəsizliyinə zəmanət və hərəkət sürətinin artması üçün şərait yaradacaq.

Əsgərovun sözlərinə görə, vacib istiqamətlərdən biri Rusiya, Azərbaycan və İran arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasıdır. Hazırda dəmir yolunun "Şimal-Cənub" nəqliyyat dəhlizi üzərində yerləşən Yalama-Astara sahəsində dəhlizlə ilkin mərhələlərdə nəzərdə tutulan 5 milyon tona qədər yük həcminin daşınmasının təmin edilməsi mümkündür. Proqnozlara görə, sonrakı mərhələdə yük həcminin 10-15 milyon tona qədər artacağı gözlənilir ki, bunun da tam həcmdə təmin olunması və təhlükəsizlik normalarının qorunması üçün bir sıra texniki tədbirlərin görülməsi zəruridir.

"Azərbaycan tərəfi bu dəhlizin açılması ilə əlaqədar 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini aparacaq. Tikinti üçün torpaq sahəsi ayrılıb. İlk mərhələdə 4 yoldan 2-si ilə kifayətlənmək olar. Hər üç ölkənin dəmiryol stansiyalarında layihə işçi qrupları yaradılıb və bu layihə çərçivəsində üçtərəfli görüşlər davam etdirilir", - Əsgərov bildirib.

Həmçinin, Bakıdan Gürcüstan sərhədinədək dəmir yolunun təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsi üzrə işlər aparılır. Bu layihə çərçivəsində Bakı - Böyük-Kəsik istiqamətində dəmir yolunun yenidən qurulması nəzərdə tutulur. Layihə bu istiqamətdə dəmir yolunu yenidən qurmağa və sürət məhdudiyyətlərinin aradan qaldırılmasına imkan verəcək. Bu istiqamətdə Cənubi Koreya şirkətləri fəal iştirak edir. Xüsusilə də dəhlizi boyu enerji təchizatının əvəz edilməsi, işarəvermə sisteminin yenilənməsi və lokomotivlərin alınması xidmətləri ilə bağlı xidmətlər üzrə məsləhətçi şirkətin cəlb edilməsi məqsədi ilə təkliflər sorğusu proseduru aparılıb. İddiaçılar sırasında Cənubi Koreyanın "KwangMyung Electric Co.LTD" şirkətinin də daxil olduğu şirkətlər qrupu da var.

Əsgərovun sözlərinə görə, avtomatlaşdırılmış bilet satışı üzrə işlər davam etdirilir. Hazırda yekun mərhələsində xətt boyu yerləşən sərnişin vağzallarında kompüterləşmə üzrə işlərdir və cari ilin sonuna qədər QSC bilet satışı sistemini bütünlüklə avtomatlaşdırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti