...

Azərbaycanda modern bir vergi sistemi mövcuddur. Mənim ölkəm kimi böyük dövlətlərin də sizinlə əməkdaşlıqdan öyrənə biləcəkləri vardır - Deyv Hartnett

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2010 12:27 (UTC +04:00)
Bu günlərdə Birləşmiş Krallığın Gəlirlər və Gömrük İdarəsinin (HMRC) İdarəetmə Şurasının üzvü, vergilər üzrə daimi katib cənab Deyv Hartnettin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olaraq, ölkəmizin vergi sistemi ilə yaxından tanış olmuş, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparmışdır.
Azərbaycanda modern bir vergi sistemi mövcuddur. Mənim ölkəm kimi böyük dövlətlərin də sizinlə əməkdaşlıqdan öyrənə biləcəkləri vardır - Deyv Hartnett

Bu günlərdə Birləşmiş Krallığın Gəlirlər və Gömrük İdarəsinin (HMRC) İdarəetmə Şurasının üzvü, vergilər üzrə daimi katib cənab Deyv Hartnettin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olaraq, ölkəmizin vergi sistemi ilə yaxından tanış olmuş, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparmışdır.

"AzərTAc" Azərbaycan Dövlət Teleqraf Agentliyi cənab Hartnett ilə müsahibə dərc etmişdir.  

- Cənab Hartnett, Azərbaycanla Birləşmiş Krallıq arasında bütün müstəvilərdə çox yaxşı siyasi-iqtisadi əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan, hər iki dövlətin rəsmi qurumları arasında əlaqələrin genişlənməsi bu əməkdaşlığın daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət edir. Bu gün iki dövlətin vergi administrasiyaları arasında əməkdaşlıq səviyyəsini necə qiymətləndirərdiniz?

- Hesab edirəm ki, Azərbaycanla Birləşmiş Krallığın vergi administrasiyaları arasında hazırkı əlaqələrin səviyyəsi kifayət qədər yüksəkdir, lakin bu əməkdaşlıq daha da yaxşı ola bilər. Bizim birgə görə biləcəyimiz işlər çoxdur. Burada olduğumuz müddətdə gördüklərimiz belə deməyə əsas verir ki, bizim bir-birimizdən öyrənməli olduğumuz məsələlər az deyil. Biz vergi administrasiyasının fəaliyyətinə Azərbaycan rəhbərliyi tərəfindən böyük dəstək verildiyinin şahidi olduq. Azərbaycanda bu gün modern bir vergi sistemi mövcuddur. Düşünürəm ki, mənim ölkəm kimi böyük dövlətlərin də bu kimi əməkdaşlıqdan öyrənə biləcəkləri vardır. Eyni zamanda, ümid edirəm ki, bizim də Azərbaycanla bölüşəcəyimiz təcrübə kifayət qədər böyükdür.

- Səfəriniz çərçivəsində Azərbaycanın vergi administrasiyasının rəhbərliyi ilə görüşlər keçirmiş və əlaqələrin daha da genişləndirilməsi perspektivlərini müzakirə etmisiniz. Bu görüşlərin gələcək əməkdaşlığın inkişafına təsirini necə dəyərləndirirsiniz?

- Mən digər ölkələrdə vergi administrasiyalarının rəsmiləri ilə görüşməkdən daim məmnunam. Bakıda biz vergi administrasiyasının rəhbərlərinın öz işlərinə yaradıcı yanaşması ilə rastlaşdıq, onlar vergi ödəmələrinin artımına vergi xidmətinin keyfiyyətinin artırılması yolu ilə çalışırlar və bu işi yaxşı görmək istəyirlər. Şübhə etmirəm ki, hazırkı və gələcək görüşlərimiz, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız hər iki ölkənin vergi sisteminə öz müsbət təsirini göstərəcəkdir.

- Azərbaycanla Birləşmiş Krallıq arasında vergi sahəsində ikiqat vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli sazış mövcuddur. Gələcək əməkdaşlığın hüquqi bazasının yaradılması haqqında Sizin fikirlərinizi bilmək istərdik.

- Əlbəttə, ikiqat vergitutmanın aradan qaldırılması kimi sazişlər ölkələr arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu, təkcə dövlətlər, vergi administrasiyaları üçün deyil, biznes cəmiyyəti üçün də vacibdir. Ölkələrimiz arasında belə bir sazişin mövcud olmasından çox məmnunam. Bu, kimi sazişlər dinamik olmalıdır. Əminəm ki, hər iki tərəf sözügedən sazişin daha da təkmilləşdirilməsində maraqlıdır.

Hesab edirəm ki, yaxşı zəmində başlanmış əməkdaşlığımız gələcəkdə daha da genişlənəcəkdir. Mən cənab nazir Fazil Məmmədovla gələcək əməkdaşlığımızın bir sıra sahələrini geniş müzakirə etmişəm. Biz böyük məmnuniyyətlə bu müzakirələrin hüquqi müstəviyə keçirilməsi imkanlarını tədqiq edəcəyik. Şəxsi fikrim isə bundan ibarətdir ki, iki ölkə arasında iqtisadi-siyasi əlaqələr dərinləşdikcə, vergi administrasiyaları arasında əməkdaşlıq imkanları da genişlənəcəkdir.

- Ölkəmiz və Azərbaycanın vergi sistemi ilə tanışlıqdan sonra təəssüratlarınız bizim üçün maraqlı olardı.

- Ölkəniz haqqında təəssüratlarım hələlik yalnız Bakı şəhəri ilə məhdudlaşsa da, deyə bilərəm ki, şəhərinizdə məni daha çox yaşıllıq məftun etdi, hətta Bakı Londonun bəzi gözəl yerlərindən belə, daha yaşıldır. Bakını gecə gəzintisinə çıxmışdım, Bakı gecələri məftunedicidir. Burada insanların üzündə qonaqpərvərlik, gülərüzlük və mehribanlıq gördüm. Azərbaycanın vergilər naziri mənimlə görüşündə demişdi ki, Bakıda yaxşı qarşılanacağımıza ümid edir. Mən əminliklə deyə bilərəm ki, burada olduqca yüksək səviyyədə qarşılandıq. Maraqlıdır ki, bizim insanlarımız da, düşüncələrimiz də oxşardır, mən fərqli bir şey görmədim. Həmçinin, şəhərinizə investisiyaların həcmi də heyranedicidir. Bir ölkəyə səfər edərkən səni nə gözlədiyini bilmirsən. Burada biz məmnunluqla ölkələrimiz arasında oxşarlıqların bu qədər çox olmasının şahidi olduq.

Eyni zamanda, vergi sistemlərimiz arasında da oxşarlıqlar vardır. Vergi xidməti ilə bağlı təəssüratlarımı qruplaşdırsam, 3 əsas məsələni qeyd etmək istərdim. Birinci təəssürat - Azərbaycanın vergi sistemini idarə edən insanları, onların öz məqsədlərinə sadiqliyini gördüm. Əlbəttə, mənim ölkəmdə də liderlər belə məqsədyönlüdürlər, lakin burada vergi sisteminə məsul olan şəxslərin məqsədlərinə yaxşı mənada can atmaları alqışlanandır. İkinci təəssüratım ölkənizdə tətbiq olunan ƏDV sistemi ilə bağlıdır. Buradakı ƏDV inzibatçılığı bizim ölkədəkindən daha sadədir və işləkdir. Bəlkə bu onunla bağlıdır ki, bizim ƏDV sistemimiz bütün Avropa ölkələrində tətbiq olunur və buradakı hər bir kiçik dəyişiklik belə, digər Avropa ölkələri ilə razılaşdırılmalıdır ki, bu da kifayət qədər çətin və çox vaxt tələb edən bir prosesdir. Sizin isə vahid bir sistemi bir ölkədə tətbiq etmək kimi yaxşı imkanınız var. Düşünürəm ki, biz sizin ƏDV sistemi ilə bağlı təcrübənizin bəzi məqamlarından faydalana bilərik. Üçüncü məqam isə ölkənizdə tətbiq olunan "bir pəncərə" sistemi ilə bağlıdır. Vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinın qeydiyyat prosedurlarında və dıgər bir çox məsələlərin həllində istifadə edilməsi bir əldən idarəetmənin yaxşı göstəricisidir. Digər tərəfdən, bu, Azərbaycan hökumətinin vergi administrasiyasına etimadını göstərir. Bu, əlbəttə, sevindiricidir.

Xəbər lenti

Xəbər lenti