Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.Xəlilova/
Azərbaycan hökuməti büdcə proqnozları əsasında formalaşdırılan 2010-cu ildə neftin bir barelinin qiymətinin 60 dollar təyin edilməsinə baxmayaraq, 2011-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) xətti ilə dövlət büdcəsinə ödənişlərin azalacağını gözləyir. Bu barədə bazar ertəsi hökumətdən bildiriblər.
"Belə gözləntilər 2013-cü ilədək altı milyardlıq "Chirag oil project" layihəsinin həyata keçirilməsi ilə bağlıdır ki, bu da layihə iştirakçısı olan şirkətlərin xərclərinin artacağına, gəlirin isə azalacağına gətirib çıxaracaq", - hökumətdən deyiblər.
Layihə yeni "Qərbi Çıraq" platformasının inşasını nəzərdə tutur. Platforma dənizin 170 metr dərinliyində artıq fəaliyyət göstərən "Çıraq" və "Günəşli" hasilat platformalarının arasında quraşdırılacaq. "Chirag oil project" çərçivəsində inşaat işlərinin əksəriyyəti, o cümlədən platformanın qazma modulunun inşası Azərbaycanda həyata keçiriləcək. Əvvəlki layihələr üçün modul xaricdə inşa edilib.
"Chirag oil project" altı milyard dollar məbləğində sərmayəni nəzərdə tutur.
"Azəri-Çıraq-Günəşli"də neft hasilatının artırılması çərçivəsində tikiləcək yeni platformadan "Azeri Light" növlü neftin hasilatının sutkalıq həcminin 183 min barel təşkil edəcəyi planlaşdırılıb. Yeni platformadan sutkada 6,5 milyon kubmetr qazın hasil ediləcəyi gözlənilir. Platformada sutkalıq qaz vurulmasının həcminin təxminən 2,3 milyon kubmetr olacağı nəzərdə tutulub.
Layihə çərçivəsində qabaqlayıcı qazma işləri 2010-cu ilin ikinci, 2012-ci ilin birinci dövrünü əhatə edəcək. Qazma işləri "Dədə Qorqud" qurğusundan həyata keçiriləcək. Platformadan hasilat 2013-cü ilin sonuna planlaşdırılıb.
Layihənin həyata keçirilməsi çərçivəsində (AÇG üzrə müqavilənin 2024-cü ilədək qüvvədəolma müddəti) ümumilikdə 300 milyon barel neftin hasil edilməsi planlaşdırılıb.
"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator - 37,43 faiz iştirak payı), "ChevronTexaco" (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), "Statoyl" (8,56 faiz), "ExxonMobil" (8,006 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Delta Hess" (2,72 faiz).
2010-cu il üçün dövlət büdcəsinə düzəlişlərin proqnozu çərçivəsində "Azeri Light" növlü neftin hasil edildiyi Azərbaycanın böyük bloku "Azəri-Çıraq-Günəşli"nin işlənməsinin operatoru olan ABƏŞ üçün gəlir üzrə vergi ödənişləri planı əvvəllər nəzərdə tutulan 330 milyon manatdan 650 milyon manatadək artırılıb.
2010-cu il üçün Maliyyə və Vergilər nazirlikləri ilə razılaşdırılan ödənişlər qrafikinə uyğun olaraq, III və IV rüblərdə ABƏŞ tərəfdən ödənişlər hər rübdə 235 milyon manat səviyyəsində gözlənilir. Hələ ilin birinci yarısında neft-podratçı şirkətlər dövlət büdcəsinə 380 milyon manat ödəyərək 2010-cu il üçün əvvəlki proqnozu 15 faizdən çox yerinə yetiriblər. Köçürülən tranşlar orta hesabla təxminən 75 dollar təşkil etdiyi halda, bir barel neft üçün 45 dollardan hesablanıb. Neftin qiymətinin 2010-cu ilin yekunlarına görə elə bu səviyyədə olacağı gözlənilir.
Gələn il ABƏŞ-in dövlət büdcəsinə vergi ödənişlərinin builkindən aşağı olacağı gözlənilir. Lakin belə vəziyyət Dövlət Neft Fonduna daxilolmalara təsir göstərməyəcək, çünki Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmələr, demək olar ki, cari ilin səviyyəsində - 5,915 milyard manat olacaq.
Sentyabrın 6-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.