Türkmənistan, Aşğabad, 8 sentyabr /Trend, müxbir H.Həsənov/
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Türkmənistanın xarici sərmayələrin cəlb olunması və turizmin inkişafı üzrə göstərdiyi səyləri alqışlayır. Bu barədə ABŞ-ın Türklmənistandakı səfirliyinin məlumatında deyilir.
Həmçinin, Xəzəryanı kurort şəhəri Avazada keçirilən və xüsusi iqtisadi zonalarda birbaşa xarici sərmayələrin rolundan danışılan beynəlxalq konfransda beynəlxalq ekspertin təqdimatı təşkil olunub.
Tədbir bu yaxınlarda yaradılan Avazanın xüsusi komitəsi və Türkmənistan Ticarət-Sənaye Palatası ilə birgə təşkil olunub.
Sərmayələrin stimullaşdırılması və turizmin inkişafı üzrə ekspert Rodriqo Ortiz qeyd edib ki, investisiyaların stimullaşdırılması və özəl sektorun inkişafı Türkmənistanın göstərdiyi səylərin önündədir və gələcəkdə ölkənin iqtisadi artımının başlıca katalizatoru olmağa xidmət edir.
"Biz Türkmənistanın sərmayədarlar üçün stimul yaradılması, hüquqi müdafiəyə zəmanət verilməsi üzrə öhdəliklərini, eləcə də Xəzər dənizinin şərq sahillərinin müdafiəsinə yönəlmiş təbiətin mühafizəsi üzrə tədbirləri alqışlayırıq. Bu öhdəliklər xarici sərmayələrin cəlb edilməsi üçün əsas yaradır", - o bildirib.
200-dən artıq nümayəndənin iştirak etdiyi konfransda beynəlxalq tərəfdaşların Türkmənistanın dövlət orqanlarındakı həmkarları ilə ölkədə turizmin inkişafına əlavə diqqətin cəlb olunması üzrə işləmək imkanı yaradılıb.
1992-ci ildən USAID Türkmənistanda iqtisadi inkişafın, sosial sektorun və ictimai təşəbbüslərin dəstəklənməsi üzrə proqramın həyata keçirilməsinə 90 milyondan çox ABŞ dolları sərf edib.
Həmçinin, ABŞ Dövlət Departamenti konfransda beynəlxalq səviyyəli ekspert Tomas Teytin iştirakına sponsorluq edib. ABŞ səfirliyinin məlumatında deyilir ki, son 20 il ərzində o, dünyanın 40-dan çox ölkəsində turizmin inkişafında öz təcrübəsini tətbiq edib.
Teyt öz karyerasına başlayanadək on ildən çox bir müddətdə məsləhətçi kimi Nevada ştatında turizm üzrə komissiyaya başçılıq edib.