Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir A.Axundov/
Bakı Rieltorlar Assosiasiyası bir ay ərzində Azərbaycanda daşınmaz əmlakın vahid elektron informasiya bazasını işə salacaq. Bu barədə çərşənbə günü "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
"İndi bu layihə çərçivəsində saytın son detalları işlənilir və bir ay ərzində baza işə salınacaq", - İbrahimov deyib.
Layihənin büdcəsi 150 min dollar təşkil edir.
Onun sözlərinə görə, bazanın yaradılması üçün ABŞ-ın Beynəlxalq Daşınmaz Əmlak Fondu (IRPF) Bakı Rieltorlar Assosiasiyasına 30 min dollar məbləğində yardım göstərib.
"Layihənin dəyərinin qalan hissəsini Assosiasiya öz şəxsi vəsaitləri hesabına maliyyələşdirib", - İbrahimov qeyd edib.
Layihə daşınmaz əmlak bazarında tələb və təklif üzrə vahid məlumat bazasının yaradılmasını nəzərdə tutur. İnformasiya bazası doldurulacaq, işləniləcək və mərkəzləşdirilmiş qaydada yerləşdiriləcək. İnformasiyanın mənbəyi qismində bütün respublikada fəaliyyət göstərən rieltorlar çıxış edəcək. Layihənin mərhələlərlə həyata keçirilməsi planlaşdırılıb. İlkin mərhələdə bütün respublika üzrə korporativ şəbəkənin yaradılması, rieltor şirkətlərinin ofislərinin kompüterləşməsi, məlumat bazasının yerləşəcəyi portalın yaradılması, eləcə də bu sahədə kadrların hazırlanması müzakirə olunur.
International Real Property Foundation (IRPF) - Beynəlxalq Daşınmaz Əmlak Fondu Mərkəzi və Şərqi Avropa və MDB ölkələrində planlı iqtisadiyyatdan azad bazar münasibətlərinə keçid dövründə kömək göstərilməsi üçün müstəqil qeyri-hökumət təşkilatı kimi 1992-ci ildə yaradılıb.
2008-ci ilin oktyabrında Bakı Rieltorlar Assosiasiyası Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Assosiasiyanın üzvlərinin sayı 60 fiziki və hüquqi şəxs təşkil edir. Hüquqi şəxslər üçün üzvlük haqqı 300 manat, fiziki şəxslər üçün 150 manat təşkil edir.
Assosiasiyanın əsas vəzifələri Azərbaycanda rieltor fəaliyyətinin standartlarının müəyyənləşdirilməsi, xüsusi peşəkar hazırlıq mərkəzinin yaradılması, eləcə də rieltorların sertifikatlaşdırma sisteminin tətbiqindən ibarətdir.