...

Azərbaycan bankı "AccessBank" və USAID kənd təsərrüfatı sektorunda birgə layihənin həyata keçirilməsinə başlayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2010 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "AccessBank" və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) kənd təsərrüfatı sektorunda birgə layihənin həyata keçirilməsinə başlayıblar. Bu barədə çərşənbə axşamı "AccessBank"ın baş meneceri Endryu Pospilovski deyib.

"Biz kənd təsərrüfatı sektorunu çox fəal maliyyələşdiririk və bizim Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi üzrə ən böyük portfel həcmimiz var. Biz USAID ilə bu sahədə kreditləşməni genişləndirməyə imkan verəcək kiçik layihənin birgə həyata keçirilməsinə başlamışıq", - Pospilovski qeyd edib.

Onun sözlərinə görə, USAID-in layihə çərçivəsində təqdim etdiyi maliyyələşmənin dəyəri bir milyon dollar təşkil edir. "AccessBank"ın kənd təsərrüfatı kreditləri üzrə portfeli 50 milyon dolları ötür, müştərilərin sayı isə 35 min nəfərdir.

"Bu, USAID ilə əməkdaşlıqda ilk addımdır və kənd təsərrüfatı kreditləşməsinin genişləndirilməsi üçün məbləğin özü o qədər də çox deyil, lakin biz ümid edirik ki, bu layihə uğurlu olacağı təqdirdə, gələcəkdə USAID bu sektora investisiyaları artıracaq", - o deyib.

"АccessBank"ın missiyası aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" beynəlxalq "Fitch" reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin, "Euromoney" Nəşriyyat Qrupu tərəfindən "2010-cu ildə Azərbaycanın ən yaxşı bankı" kimi tanınıb. "AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hər biri 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən "Access Holding" (16,5%) və Almaniyanın LFS Financial Systems GmbH (3,5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti