...

Son 10 ildə Azərbaycana turist axını 40 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2010 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Axundov/

Son 10 ildə Azərbaycana turist axını 40 faiz artıb. Bu barədə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) dəstəyi ilə turizm sahəsində ekspert Eldar Aslanov tərəfindən hazırlanan "Azərbaycanın turizm sektoru" mövzusunda hesabatda deyilir.

Aslanov 2007-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən yaradılan Turizm İnstitutu yanında tədqiqat mərkəzinə rəhbərlik edib.

"Son on ildə Azərbaycanda 1,4 milyon turist olub", - Aslanov cümə axşamı hesabatın təqdimatında deyib.

Hesabatda göstərilən məlumatlara əsasən, indiyədək Azərbaycanda turizm fəaliyyətinə lisenziya alan müəssisələrin sayı 123 olub, mehmanxanaların sayı isə 370-ə çatıb.

2007-ci ildən sonra Azərbaycandan turist kimi gedən şəxslərin sayı azalıb. "Bu, daxili turizmin inkişafı ilə əlaqədardır", - Aslanov qeyd edib.

Hesabatda deyildiyi kimi, Azərbaycanın 10,3 faiz ərazisini qoruqlar, müvəqqəti qoruqlar və milli parklar tutur. Azərbaycanda 250-yə qədər göl də var.

"Bu ərazilərdən kommersiya obyektləri kimi istifadə etmək olar", - Aslanov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın sahil zolağı 713 km təşkil edir, lakin onların yalnız 50 km-də turizm xidmətləri göstərilir.

"Azərbaycanda turizmin yalnız çimərlik deyil, eləcə də ada, idman, balıqçılıq növünün inkişafı üçün bütün şərait var", - Aslanov qeyd edib.

Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Azərbaycanın mühafizə olunan abidələrinin siyahısı yerli, respublika və beynəlxalq əhəmiyyətli 7000-dək abidəni nəzərdə tutur.

"Ölkədə mindən çox dini adidə də var. Bunlar xristian, atəşpərəstlik və əlbəttə ki, əsas etibarilə müsəlman abidələridir", - Aslanov işarə edib.

Hesabatda turizm sektorunun institutlaşdırılmış əsası və Azərbaycanın turizm sahəsindəki qanunvericilik bazası haqqında məlumat verilir. Sənəddə ölkədə turizmin inkişaf imkanları, buna mane olan problemlər və onların həlli yolları tədqiq edilib.

Xəbər lenti

Xəbər lenti