...

Üç rüb ərzində Azərbaycan İpoteka Fondunun xətti ilə 73 milyon manatdan çox kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2010 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir N.İsmayılova/

Üç rüb ərzində ölkənin Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 73,5 milyon manat məbləğində kredit verilib. Bu barədə cümə günü AİF-dən bildiriblər.

Bundan əvvəl bankların verdiyi kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 66 milyon manat təşkil edib. 2010-cu il dövlət büdcəsinə sosial ipotekanın maliyyələşməsi üçün qoyulan vəsaitlərin 14 milyon manatından 9,3 milyon manatı artıq ayrılıb.

AİF-in məlumatlarına görə, sentyabrda Azərbaycanda adambaşına 24,9 manat ipoteka krediti düşüb. Avqustda bu göstərici 24,2 manat, 2009-cu ilin yekunlarına görə 17,05 manat, 2008-ci ildə 7,34 manat, 2007-ci ildə 5,28 manat, 2006-cı ildə 0,2 manat təşkil edib.

Gənclərin və gənc ailələrin payına verilən ümumi kreditlərdən (borcalanların 41 faizi 18-29 yaşda, 31 faizi isə 30-35 yaşda olub) 72 faiz düşür. Kreditlərin 28 faizi 36 yaşdan yuxarı borcalanların payına düşür.

AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Adi və güzəştli kreditlər üçün ilkin ödəniş 15 faizdir.

Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 85 faizini ötməməlidir, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.

Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı, üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin, maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir.

Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.

2006-cı ilin martın 1-dən işə salınan ipoteka kreditləşməsi prosesi vəsait çatışmazlığı səbəbindən 2007-ci ilin yayında dayandırılıb. O, 2009-cu il iyunun 1-dən etibarən bərpa edilib.

Oktyabrın 8-nə rəsmi məzənnə 0,8021 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti