...

Bakıda XVI "BakuTel - 2010" beynəlxalq sərgi və konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2010 13:26 (UTC +04:00)
2010-cu il noyabrın 23-26-da Bakıda "Bakı Ekspo" Sərgi Mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan "BakuTel 2010" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək.
Bakıda XVI "BakuTel - 2010" beynəlxalq sərgi və konfransı keçiriləcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

2010-cu il noyabrın 23-26-da Bakıda "Bakı Ekspo" Sərgi Mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan "BakuTel 2010" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək.

Sayca 16-cı olan və hər il bütün regionun telekommunikasiya sektorunun peşəkarlarını bir araya toplayan bu sərgi "Beynəlxalq İKT Həftəsi" şüarı altında keçirilir. Bir sıra tədbirləri əhatə edəcək bu sərgi "Iteca Caspian LLC" və "ITE Group PLC" şirkətləri tərəfindən təşkil olunacaq. Sərginin inkişafında sərgi və konfransa son dərəcə mühüm dəstək göstərən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müstəsna rol oynayır. Sərgi, həmçinin, bu sahədə fəaliyyət göstərən Beynəlxalq Telekommunikasiya Birliyi (ITU), İnformasiya, Rabitə Texnologiyaları və İnkişaf üzrə Qlobal İttifaqı (GAID) və rabitə sahəsində Regional Birlik (РСС) kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənir. Beynəlxalq Sərgi Sənayesi Assosiasiyasının (UFI) "BakuTel" sərgisini keyfiyyət nişanı ilə təltif etməsi, sözügedən sərginin beynəlxalq müstəvidə tanınmasını təsdiq edir. UFI keyfiyyət nişanı bu tədbirin yüksək beynəlxalq səviyyəyə uyğunluğu üzrə hamı tərəfindən qəbul edilmiş bir sertifikatdır.

İlk dəfə olaraq, "BakuTel" sərgisi yeni "Bakı Ekspo Mərkəzi" sərgi kompleksində təşkil olunacaq. Bu, sərgi iştirakçılarının çoxdan gözlədikləri bir hadisədir; belə ki, sərginin müasir sərgi kompleksində keçirilməsi onun ekspozisiyasını daha səmərəli şəkildə genişləndirməyə imkan verəcək. Beləliklə, "BakuTel" sərgisi Azərbaycan, İsrail, Çin, Malayziya, BƏƏ, Türkiyə, ABŞ və digər ölkələr daxil olmaqla, dünyanın 15 ölkəsindən 100-dən çox şirkəti bir araya gətirəcək. Yerli şirkətlərin ekspozisiyası sərginin ümumi ərazisinin, təxminən, 40 faizini tutacaq. Ənənəvi olaraq, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "BakuTel" çərçivəsində layihələr üzrə tərəfdaş şirkətlər ilə birgə "Xalq kompüteri", "Elektron imza" və "Elektron sənəd" kimi dövlət layihələri üzrə həyata keçirilmiş işlərin nəticələrini təqdim edəcək. Sərgi ərazisinin 40 faizdən çoxu iri "İKT" şirkətləri tərəfindən tutulub və onların əksəriyyəti "BakuTel" sərgisinin daimi iştirakçıları sayılır. Onların arasında "Azedunet", "Azel", "Azercell Telecom", "Azerfon-Vodafone", "AzerTelekom", "Aztelecom", "Azqtel", "B&B TV", "Bakcell", Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB), "Bestcomp", "Caspel", "Caspian Navtel", "Delta Telecom", "Elsis", "Gilat", "Golden Pay", "Hewlett Packard", "Huawei Technologies", "Idrak Technology Transfer", "Intelsoft", "Matrix", "Measat Satellite", "Microsoft", "Nar Mobile", "Nokia Siemens Netoworks", "Oracle", "Orbital Sciences Corporation", "Penkiu Kontinentu Bankines Teknologijos", "R.I.S.K.", "Saybernet", "SINAM", "Sinerji", "Softline", "Teleradio", "Ultra", "ZTE" və digərləri vardır.

Dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin, Azərbaycanda Ekologiya İli ilə əlaqədar, bu sərginin xüsusi mövzusu "İKT və qlobal iqlim dəyişikliyi" olacaq. 24 noyabr tarixində keçiriləcək İKT konfransı da bu mövzuya həsr olunacaq. Azərbaycan Respublikası Telekommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu konfrans sərginin işini hər il müşayiət edir. Konfransda aparıcı beynəlxalq və yerli İKT və telekommunikasiya şirkətlərinin mütəxəssisləri öz məruzələri ilə çıxış edərək təcrübələrini bölüşəcək və qarşıda duran layihələrdən danışacaqlar.

Aparılmış tədqiqatların nəticələrinə görə, sərgi ziyarətçilərinin yeni məhsul və texnologiyalara olan marağı iştirakçı şirkətlər tərəfindən təqdim olunan yenilikləri əhəmiyyətli dərəcədə üstələyir. Bununla əlaqədar, təşkilatçılar ziyarətçilərin sərgi iştirakçılarının orijinal məhsullarına olan diqqətini daha da artırmaq və innovasiyalı malların, xidmətlərin və texnologiyaların yerli bazarda təşviqinə kömək etmək üçün müvafiq tədbirlər nəzərdə tutub. Belə ki, sərgi çərçivəsində təşkilatçılar tərəfindən yeni İKT məhsulları, texnologiyalar və həll variantları nümayiş etdirən şirkətlərin iştirakı ilə "İnnovasiyalar Ərazisi" proqramı keçiriləcək. Artıq indidən sərginin 60 faizdən çox iştirakçısı sərgi çərçivəsində stendlərdə yeni yüksək texnologiyalı məhsullar nümayiş etdirmək istədiklərini bildiriblər. Ziyarətçilərin bu yenilikləri dərhal aşkar edə bilmələri üçün, stendlər xüsusi nişanla işarələnəcək. Bu nişan yenilikləri təqdim edən şirkətlərin yanında qoyulmuş sərgi planlarına da yerləşdiriləcək. Bundan əlavə, sərgi ərazisində ziyarətçilər arasında paylanacaq "İnnovasiyalar Ərazisi" kataloqu yeni texnologiyalar və həll variantları dünyasında özünəməxsus bələdçi rolunu oynayacaq.

Bu il sərginin baş sponsoru "Huawei Technologies" şirkətidir. Sərginin daha bir sponsoru isə "Oracle" şirkəti olacaq. 2010-cu ilin payız sərgilərinin tərəfdaşları qismində "Azerfon-Vodafone", "Paşa Sığorta", "Caspel", "Greenwich Travel Club", "SIAR" şirkətləri və "Qafqaz Point" mehmanxanası çıxış edir.

Xəbər lenti

Xəbər lenti