...

Azər Əliyev yenidən Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2010 16:14 (UTC +04:00)
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təsisçiləri tərəfindən keçirilən ümumi yığıncaqda "Atəşgah Sığorta" şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev növbəti iki il müddətinə Assosiasiyanın Müşahidə Şurasının sədri vəzifəsinə seçilib.
Azər Əliyev yenidən Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri olub

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir А.Axundov/

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təsisçiləri tərəfindən keçirilən ümumi yığıncaqda "Atəşgah Sığorta" şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev növbəti iki il müddətinə Assosiasiyanın Müşahidə Şurasının sədri vəzifəsinə seçilib. Bu barədə çərşənbə günü ASA-dan verilən məlumatda deyilir.

27 təsisçinin iştirak etdiyi iclasın gündəliyinə beş sual daxil edilib.

Təsisçilər 2010-cu ilin 3-cü rübünə dair ASA-nın gördüyü işlərin hesabatı, 2009-cu ilin 4-cü rübündən qalan borcların 2010-cu ilin büdcəsindən ödənilməsinə dair maliyyə hesabatları, 2010-cu ilin maliyyə hesabatları, 2010-cu ilə qədər sığortaçıların ASA İctimai Birliyinə olan borcları, ASA İB-nin yeni sədrinin seçilməsi məsələlərinə dair müzakirələr aparıblar.

Məlumata əsasən, ümumi yığıncaqda Əliyevin Müşahidə Şurasının sədri kimi fəaliyyəti (o, ikinci dəfə seçilir) və onun bu sahədə uğurları yüsək qiymətləndirilib. Həmçinin qeyd olunub ki, 28 sentyabr 2010-cu il tarixində ASA-nın Müşahidə Şurasının keçirilmiş yığıncağında bir sıra qərarlar qəbul edilib. Yığıncaq zamanı Assosiasiyanın həyata keçirdiyi bir neçə mühüm uzunmüddətli layihələrin icrasının Azər Əliyev tərəfindən yerinə yetirilməsi daha məqsədəuyğun hesab edilib.

"Yuxarıda sadalananları nəzərə alaraq, digər namizədlər könüllü olaraq növbəti illər üçün ASA-nın Müşahidə Şurasının sədri olmaq hüquqlarından Əliyevin xeyrinə imtina etdiklərini elan edib və bununla bağlı Azər Əliyevin növbəti 2 il müddətinə Müşahidə Şurasının sədri vəzifəsinə seçilməsini təklif ediblər", - ASA-ın məlumatında deyilir.

Verilən təklif ASA təsisçilərinin ümumi yığıncağında yekdilliklə qəbul edilib.

29 dekabr 2006-cı ildə yaradılan və 28 üzvü olan Assosiasiyanın əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən sığorta və təkrar sığorta şirkətlərinin inkişaf etməsinə kömək etmək, onların sosial-iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə biliklərini artırmaqdan ibarətdir.

Nizamnaməyə əsasən, Müşahidə Şurasının hər beş üzvündən biri  bir il müddətinə növbə ilə Assosiasiyaya sədrlik edirlər. Assosiasiyanın İdarə Heyətinin birinci sədri Kamal İbrahimov (Standard Insurance), ikincisi isə Cəmil Məlikov (MBASK-ın keçmiş sədri) olub.

Azərbaycan Sığortaçılar Assosiasiyası 2006-cı ilin dekabrında təsis olunub.

Azərbaycanda 27 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti