Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi "Polad İdman Kompleksi" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə Dövlət Komitəsinin mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc edilən məlumatda deyilir.
Satışa səhmlər paketinin 99,96 faizi çıxarılıb. Onların 85 faizi investisiya müsabiqəsinin standart səhmləri, 14,96 faizi isə əmək kollektivinə səhmlərin güzəştli satışından qalan hissədir.
Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri, habelə xarici investorlar da iştirak edə bilərlər.
İddiaçılar kompleksin dünya standartları tələblərinə çatdırılması və idman məşqləri üçün şəraitin yaradılması, yarışların keçirilməsi məqsədilə təmir və bərpa işləri üzrə investisiya proqramını təqdim etməlidirlər.
Müsabiqədə iştirak etmək istəyənlər investisiya təklifinin beş faizi müqabilində bank zəmanətini, eləcə də dövlət büdcəsinə 35 min manatın köçürülməsi, habelə azı 500 özəlləşdirmə çekinin silinməsi barədə təşəbbüsləri təqdim etməlidirlər. Xarici investorlar da özəlləşdirmə çeklərini təqdim etməlidirlər.
"Polad İdman Kompleksi" idmanın boks, dzü-do, ağır atletika növləri üzrə idmançılar hazırlamaqla məşğuldur. Kompleks Sumqayıt şəhərində H.Əliyev prospektində 0,31 hektar ərazidə yerləşir.
Sentyabrın 1-nə kompleksin nizamnamə kapitalı 108,33 min manat təşkil edir. Onlara hər birinin nominal dəyəri iki manat olan 54 167 səhm buraxılıb. Müsabiqənin predmeti nominal dəyəri 108,29 min manat olan 54 147 səhmdir.
Müəssisənin 415,24 manat məbləğində borcu var.
Kompleks 1960-cı ildən fəaliyyət göstərir, işçilərinin sayı iki nəfərdir.
İddiaçılar müsabiqənin tələbləri və əlavə məlumatı Bakı, ş., Y.Səfərov küç., 30 ünvanında saat 10:00-dan 17:30-dək əldə edə bilərlər. Sənəd və təkliflər noyabrın 24-dək saat 10:00-dan 17:00-dək qəbul edilir. Təkliflər müsabiqə komissiyası tərəfindən noyabrın 26-da Dövlət Komitəsinin binasında saat 11:00-dan etibarən qiymətləndiriləcək.
Oktyabrın 16-na olan rəsmi məzənnə 0,8015 AZN/USD təşkil edir.