...

Azərbaycanın sığorta şirkəti 2010-cu ilin sonuna sığorta haqları üzrə proqnozlara yenidən baxmaqdan imtina edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2010 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkəti "Paşa Sığorta" 2010-cu ilin sonu üçün sığorta haqları üzrə proqnozlara yenidən baxmayacaq. Bu barədə bazar ertəsi "Paşa Sığorta" sığorta şirkətinin İdarə Heyətinin sədri Nofəl Rzayev deyib.

"Biz proqnozlara baxmamaq qərarına gəlmişik. Bizdə bu il üçün sığorta haqlarının yığımı üzrə proqnozumuz 10,5 milyon manat səviyyəsində müəyyənləşib. Doqquz ayın yekununa görə on milyon manatdan çox sığorta polisi satmağımıza baxmayaraq, biz qarşımıza yeni planlar qoymuruq. Və biz illik proqnozun təftişini də aparmamışıq", - Rzayev qeyd edib.

Onun sözlərinə görə, 2011-ci ilin sonuna satış proqnozu dekabrın 1-dək hazır olacaq.

"İndi bizdə növbəti il üçün biznes-planlaşdırma gedir. Biz adətən noyabrda planlaşdırırıq. 2011-ci ilin sonuna satış proqnozu dekabrın 1-dək hazır olacaq", - Rzayev qeyd edib.

Maliyyə Nazirliyi nəzdində Dövlət Sığorta Nəzarəti Xidmətinin hesabatına əsasən, yanvar-avqustda "Paşa Sığorta"nın sığorta yığımlarının həcmi 7,08 milyon manat, ödəniş həcmi isə 1,59 milyon manat təşkil edib. Sentyabrda daxilolmalar sayəsində şirkətin sığorta haqlarının ümumi həcmi 10 milyon manatı ötüb.

"Paşa Holding" qrupuna daxil olan Paşa Sığorta korporativ və fərdi müştərilərə 30 növ sığorta xidməti göstərir. "Paşa Sığorta" 28 milyon manatlıq məcmu aktivi ilə kapitallaşdırma həcminə görə ölkənin üç aparıcı sığortaçısı sırasına daxil olmaqla, eyni zamanda, ölkənin sığorta sektorunda biznesin rentabelliyinin ən yüksək göstəricilərini saxlayır. Şirkətin nizamnamə kapitalı 20 milyon manat təşkil edir.

2007-ci ildən "Paşa Sığorta" Böyük Britaniyanın "Moody International" agentliyi tərəfindən sığorta məhsullarının ISO 9001:2000 keyfiyyət idarəetmə standartlarına və xidmətlərinə uyğunluq səviyyəsinə görə sertifikatla təltif olunub. 2009-cu ildən etibarən "Paşa Sığorta" BMT-nin insan hüquqlarının, ətraf mühitin müdafiəsi və korrupsiyanın qarşısının alınması üzrə Qlobal Müqaviləsinin (UN Global Compact Initiative) iştirakçısıdır.

Oktyabrın 18-nə olan rəsmi məzənnə 0,8015 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti