...

Böyük Bakının konseptual planının hazırlanması 2011-ci ilin sonuna başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2010 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Axundov/

2010-cu ilin sonunadək Bakının mərkəzi hissəsinin ətraflı planı hazırlanacaq. Bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cahangir Qocayev deyib.

"Bu plan "beşmərtəbə" (Füzuli meydanı) və N.Nərimanov küçəsi (keçmiş Sovet küçəsi) arasında şəhərin mərkəzi hissəsini əhatə edir", - Qocayev bildirib. - "Bakı Dövlət Layihə İnstitutu onu bu ilin sonunadək təhvil verməlidir".

Qocayevin sözlərinə görə, paralel olaraq, Böyük Bakının konseptual planının hazırlanması üzrə də iş gedir. Planın hazırlanmasında London və Madridin təcrübəsindən istifadə olunacaq.

"Böyük Bakının konseptual planının hazırlanmasının 2011-ci ilin sonuna başa çatdırılması planlaşdırılır", - Qocayev əlavə edib.

Onun sözlərinə görə, bundan sonra Bakı şəhərinin Baş Planı hazırlanacaq.

"Baş Planın hazırlanması üzrə əsas işi Bakı Dövlət Layihə İnstitutu yerinə yetirəcək. Dünya Bankının təklifi ilə müxtəlif istiqamətlər üzrə mütəxəssislər də cəlb ediləcək", - Qocayev qeyd edib.

Plan "Böyük Bakı" adını alıb; belə ki, paytaxtın köhnə planı qrafik prinsipləri və paytaxtın 22 min hektar ərazisinin konsepsiyasını əhatə edirdi. Paytaxtın real ərazisi 219 min hektardan çoxdur.

Bakı şəhərinin sonuncu Baş Planı 1987-ci ildə qəbul edilib. Artıq bir ildir, Azərbaycan hökuməti tərəfindən DB-nin krediti hesabına Böyük Bakının regional inkişaf planının hazırlanması üzrə layihə həyata keçirilir. Bu layihə Bakı və Sumqayıtın, eləcə də Abşeron rayonunun yaxın 20 ilə perspektiv inkişafını əks etdirir. Belə layihələr Şərqi Avropanın bir sıra ölkələrində həyata keçirilib. Lakin onlardan heç biri paytaxtı şəhərətrafı regionla və 3 milyondan çox əhali ilə əhatə etməyib. Şübhəsiz, layihə Azərbaycanın şəhər planlaşdırmasında yeni mərhələ olacaq. Layihədə yeni texnologiyalar, məsələn, coğrafi-informasiya sistemi tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti