...

Azərbaycan bankı "DəmirBank" "PrivatMoney" pul köçürmələri sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2010 16:52 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank" təcili pul köçürmələri sahəsində fəaliyyətini gücləndirmək məqsədi ilə "PrivatMoney" sisteminə qoşularaq, əhaliyə bu sistemlə köçürmə xidmətləri təklif etməyə başlayıb. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.
Azərbaycan bankı "DəmirBank" "PrivatMoney" pul köçürmələri sisteminə qoşulub

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Azərbaycan bankı "DəmirBank" təcili pul köçürmələri sahəsində fəaliyyətini gücləndirmək məqsədi ilə "PrivatMoney" sisteminə qoşularaq, əhaliyə bu sistemlə köçürmə xidmətləri təklif etməyə başlayıb. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

"PrivatMoney" sistemi ilə Rusiya, Ukrayna, Belarus və digər MDB ölkələri, eləcə də Böyük Britaniya, İtaliya, Portuqaliya, Çexiya və Kipr də daxil olmaqla, 15-dək ölkə üzrə əhali pul vəsaitini göndərə və ala bilər. "PrivatMoney" sistemi müştərilərə ABŞ dolları və avro valyutalarında 7-10 dəqiqəyə köçürməni həyata keçirməyə imkan verir.

"Bankda təcili pul köçürmə xidmətlərinin inkişaf strategiyasında bu xidmətlərin çeşidinin artırılması xüsusi yer tutur. "PrivatMoney" sisteminə qoşulma köçürmə xidmətləri üzrə bankın imkanlarını genişləndirir. "DəmirBank" hazırda "Western Union", "Contact", "Bıstraya Poçta", "Zolotaya Korona", "Coinstar", "Blizko" və "PrivatMoney" sistemləri üzrə pul köçürmələri həyata keçirir; bu isə 200-dək ölkəni əhatə etməyə imkan verir. "DəmirBank" özünün "Şimşək" sistemi ilə də ölkədaxili pul köçürmələri həyata keçirir. "Bank yaxın gələcəkdə daha bir neçə sistemə qoşulmaq üçün iş aparır", - idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Hazırda "DəmirBank"ın Bakı və regionlarda 29 filialı təcili pul köçürmə xidmətləri göstərir. Ölkənin müxtəlif bölgələrində, müvafiq olaraq, Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişlidə filialları fəaliyyət göstərir.

Əhali banka gəlməzdən əvvəl evdən və ya ofisdən 149 telefon nömrəsi ilə "DəmirBank"ın Telefon Məlumat Mərkəzinə zəng etməklə ona göndərilmiş pul köçürməsinin daxil olduğunu və müvafiq filialı dəqiqləşdirə bilər.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti