Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir N.İsmayılova/
Çexiya ilə Azərbaycan arasında siyasi sahədə yaxşı qarşılıqlı münasibətlər yaranıb. Bu barədə Çexiyanın Azərbaycandakı səfiri Radek Matula çərşənbə günü Bakıda Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.
"Hazırda 2011-ci ilin yazında işgüzar səviyyədə Çexiya Prezidentinin səfərinin mümkünlüyünə baxılır", - Matula deyib.
Onun sözlərinə görə, 2010-cu ilin martında iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq haqqında sənəd imzalanıb və onun əsasında qarışıq ikitərəfli komissiya yaradılacaq ki, o, elmi-texniki əməkdaşlıq sahəsində də fəaliyyət göstərəcək.
"Bu gün komissiya hələ tam formalaşmayıb. Çünki onun həmsədrləri rəsmən təyin olunmalı, tərkibi müəyyən edilməlidir", - səfir deyib.
Səfirin sözlərinə görə, komissiyanın ilk iclasının 2010-cu ilin sonunadək keçirilməsi mümkündür.
"Bununla yanaşı, iki ölkə arasında investisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında sazişin hazırlığı, demək olar, başa çatıb", - o bildirib.