Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir А.Axundov/
Azərbaycanda lizinq fəaliyətinin tənzimlənməsi üçün nəzarət orqanının yaradılmasına ehtiyac yoxdur. Bu barədə "Qafqaz Lizinq" şirkətinin maliyyə direktoru Nahid Ələkbərli bildirib.
"Lizinq bazarı var, inkişaf edir. Lakin o dərəcədə inkişaf etməyib ki, müvafiq nəzarət orqanının yaradılmasına ehtiyac olsun", - Ələkbərli deyib.
Onun sözlərinə görə, lizinqin inkişafı ölkədə sənayenin inkişafından bilavasitə asılıdır.
"Lizinq bazarı onda formalaşır ki, iri sənaye müəssisələri yaradılır və onların maliyyə dəstəyinə ehtiyacı yaranır. Hazırda Azərbaycanda maliyyə mənbələrinə ehtiyacı olan və bizim onları lizinqlə zəruri avadanlıqlarla təmin etməli olduğumuz elə iri sənaye müəssisələri yoxdur", - Ələkbərli qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda lizinq bazarının inkişafı üçün müvafiq qanunvericilik və vergi qoyulması ilə bağlı həll olunmamış məsələlər də maneə yaradır.
"Hazırda Azərbaycanda "Lizinq haqqında" qanun layihəsinin işlənməsi üzərində iş gedir. Qanunun yaradılması, dövlət tərəfindən bu proseslərin tənzimlənməsi, müvafiq orqanın yaradılması təcrübəyə söykənməlidir. Amma bizdə hələ bu təcrübə yoxdur. Lizinq Azərbaycan üçün yeni maliyyə alətidir", - Ələkbərli bildirib.
Onun sözlərinə görə, lizinq bazarı 2011-ci ildə nisbətən inkişaf edəcək.
"2011-ci ildə bazar inkişaf edəcək, lakin bizim böhrana qədər müşahidə etdiyimiz inkişaf tempi olmayacaq", - Ələkbərli bildirib.
"Joint Leasing" şirkətinin baş direktoru və Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) sədri Elçin Əhmədovun sözlərinə görə, 2009-cu ildə Azərbaycanda lizinq sektorunun inkişafı 2008-ci il səviyyəsində olub.
"Aqrolizinq" dövlət şirkətinin portfeli istisna olmaqla, lizinq şirkətlərinin ümumi portfeli 210 milyon manata yaxın təşkil edib, 2008-ci ildə isə 208 milyon manat səviyyəsində olub", - Əhmədov bildirib.
Onun sözlərinə görə, 2011-ci ildə bazarda artım gözlənilir. Artım özəl sektorda lizinq xidmətlərinə tələbatın artması hesabına həyata keçəcək.