...

2010-cu ildə Azərbaycanda 20-yə yaxın turizm şirkəti yaradılıb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2010 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda 2010-cu ildə 20-yə yaxın yeni turizm şirkəti yaradılıb. Bu barədə cümə axşamı mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.

Onun sözlərinə görə, bu il həmçinin, fəaliyyətində yol verdiyi xətalara görə dörd turizm şirkətinin lisenziyası ləğv edilib.

"Elə şirkətlər var ki, onların lisenziyasının fəaliyyət müddəti başa çatıb və uzadılması üçün müraciət etməyiblər. Bu da o deməkdir ki, həmin şirkətlər artıq bazardan çıxırlar. Bu gün ölkədə turizm fəaliyyətinə lisenziya almış təxminən 230 şirkət var", - Qarayev bildirib.

Onun sözlərinə görə, bu il turizm sahəsində kadrların hazırlanması üzrə peşə məktəblərinin açılması planlaşdırılır.

"Biz yaxın 2-3 il ərzində xidmətin keyfiyyətinin kəskin dəyişiləcəyini gözləməməliyik, bu tədrici prosesdir. Bizim Turizm İnstitutumuz var və bu il bu sahədə kadrların hazırlanması üzrə iki peşə məktəbinin açılması planlaşdırılır. Turizm sahəsində təhsilin sayəsində ümid edirik ki, yaxın 3-5 il ərzində bu sektorda xidmət keyfiyyətinin səviyyəsi artacaq", - Qarayev deyib.

Onun sözlərinə görə, hazırda respublikada lisenziya alan 400 mehmanxana fəaliyyət göstərir.

"Onlardan yalnız 70-i ixtisaslaşmadan keçərək ulduz alıb. Hər hansı otelə ulduz verilibsə, deməli biz onların göstərdiyi xidmət keyfiyyətinə nəzarət edirik. İldən ilə bazarda daha peşəkar xidmətin göstərilməsi üçün lisenziyalaşdırma şərtlərini ağırlaşdırırıq", - Qarayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti