Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Turan Günəş barəsində haqsız rəqabətə görə 555 manat məbləğində cərimə tətbiq edib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.
Bundan əvvəl Turan Günəşə məxsus Bakının Nərimanov rayonunda yerləşən müəssisədə aparılan yoxlamalar zamanı "Güneş Kardeşler" adı altında normativ sənədlərlə müəyyənləşdirilən vaxtı ötmüş, eləcə də gigiyenik sertifikatı olmayan 527 kq rahatluqum aşkar edilib.
Bundan başqa, yoxlama zamanı müəssisədə saxlama müddəti ötmüş 123,9 kq qənnadı məhsulu, üzərində istehsalçı müəssisə haqqında heç bir məlumat göstərilməmiş, mənşəyi bəlli olmayan 125 kq paxlava, rahatluqumun qablaşdırılmasında istifadə edilən və üzərində yararlılıq müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 2 500 ədəd qablaşdırma materialları aşkar edilib.
Dövlət Xidməti mənşəyi bəlli olmayan paxlavanın, keyfiyyətsiz rahatluqumun və saxlama müddəti ötmüş qənnadı məhsullarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv edilməsi barədə məcburi göstəriş verib.