...

Hava şəraiti Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə mane olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/

Hava şəraiti ilə əlaqədar olaraq Bakı-Tbilisi-Qars dəmiryolunun yaradılması çərçivəsində Gürcüstan və Türkiyə sərhədi arasında işlər müvəqqəti dayandırılıb. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbə deyib.

Onun sözlərinə görə, yeni dəmiryolun yaradılması çərçivəsində Gürcüstan-Türkiyə sərhədində aparılan işlər hələlik dayandırılıb, lakin Gürcüstan ərazisində tikinti davam edir.

"Gürcüstan ərazisində işlər aparılır, lakin sərhəddə hələ ki dayandırılıb", - mənbə bildirib.

İşlər hava şəraiti yaxşılaşandan sonra bərpa ediləcək.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km-i Türkiyə, 29 km-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km.-lik hissəsi yenidən qurulacaq.

Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesin sürətləndirilməsi və işlərin böyük hissəsinin 2011-ci ilin sonunadək başa çatdırılması üzərində işləyirlər.

Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük olacaq. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti