...

Bakıda "AutoShow" beynəlxalq sərgisi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2011 14:02 (UTC +04:00)
"AutoShow" 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi və "AutoParts" 4-cü Azərbaycan Beynəlxalq "Ehtiyat hissələri, aksessuarlar və xidmət avadanlıqları" sərgisində dünyanın 14 ölkəsindən 105 şirkət təmsil olunacaq.
Bakıda "AutoShow" beynəlxalq sərgisi açılır

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.İsmayılov/

"AutoShow" 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi və "AutoParts" 4-cü Azərbaycan Beynəlxalq "Ehtiyat hissələri, aksessuarlar və xidmət avadanlıqları" sərgisində dünyanın 14 ölkəsindən 105 şirkət təmsil olunacaq. Bu barədə sərginin meneceri Babək Amaşov (İteca Caspian şirkəti) çərşənbə axşamı mətbuat konfransında bildirib. Sərgi martın 16-da saat 11:00-da açılacaq.

"Iteca Caspian LLC" şirkəti və onun Britaniyalı tərəfdaşı "ITE Group PLC" şirkəti bu sərginin təşkilatçıları qismində çıxış edirlər. Sözügedən layihə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası tərəfindən rəsmi şəkildə dəstəklənir. "Azerfon-Vodafone" şirkəti isə sərginin telekommunikasiya tərəfdaşı qismində çıxış edir. Artıq 5 ildir ki, sərgi Ümumdünya Sərgi Sənayesi Assosiasiyası ("UFI") tərəfindən verilmiş keyfiyyət nişanına sahibdir və bu, onun beynəlxalq statusunu bir daha təsdiq edir.

Avtomobil həvəskarları və bu sahənin peşəkarları Azərbaycan, Belarus, Almaniya, Danimarka, İtaliya, Kanada, Çin, Malayziya, Rusiya, Litva, Tayvan, Türkiyə, İsveçrə və Yaponiya kimi ölkələrin də daxil olduğu, ümumilikdə isə dünyanın 14 ölkəsindən təşrif buyuracaq 105 şirkət ilə tanış ola biləcəklər. "AutoShow" sərgisində üç iri sektor fəaliyyət göstərəcək: minik nəqliyyatı, kommersiya tipli nəqliyyat və bütün növ nəqliyyat vasitələri üçün ehtiyat hissələri və aksessuarlar. Məhz bu qərar sayəsində avtomobil sərgisi sənayenin tələblərinə maksimum cavab verən bir tədbir olacaqdır.

"AutoShow" sərgisinin minik sektoru çərçivəsində yüngül avtomobil istehsalı sahəsində fəaliyyət göstərən dünya istehsalçıları "Hyundai", "Jaguar", "Land Rover", "Volkswagen", "Nissan", "Infiniti" və digər şirkətlərin distribütorları bir araya gələcəklər. Bu il ilk dəfə olaraq, minik avtomobillərinin yerli istehsalçısı olan Naxçıvan Avtomobil Zavodu da sərgidə iştirak edəcəkdir. İran şirkəti "Mavi Avto" isə "Saipa" markalı avtomobili nümayiş etdirəcək.

Sərginin kommersiya sektorunda isə işlənmiş qazlarda zərərli maddələr tərkibini nizamlayan Avro-5 ekoloji standartlara cavab verən yeni nəsil rahat sərnişin avtobusları, həmçinin yedəkçilər, özüboşaldanlar, müxtəlif növ məhsulların daşınması üçün istifadə olunan yarımqoşqular nümayiş olunacaq.

Avtomobil ehtiyat hissələri "AutoParts" sərgisində nümayiş etdiriləcəkdir. Burada avtomobil yağları, filtrlər, avtokosmetika və avtomobil kimyasının digər məhsullarının istehsalçıları və distributorları bir araya gələcəklər. Qaraj-servis avadanlıqları sahəsində ixtisaslaşmış Rusiya şirkətləri bu ilki sərginin debütantları qismində çıxış edirlər. Kanada istehsalçıları ilk dəfə olaraq sərgidə öz innovasiyalı məhsullarının təqdimatı ilə çıxış edəcəklər. Bu, avtomobillərin və digər obyektlərin şüşələrinin təhlükəsizliyi və möhkəmliyinin artırılması üçün nəzərdə tutulmuş və zərbə, güclü külək, güllə atəşi, partlayış və yanğın hallarında müdafiəni təmin edən zirehli laminatdır.

"AutoShow" sərgisində əsas hadisələrdən biri isə sözsüz ki, premyeralar və təqdimatların keçirilməsi olacaq. Yüngül avtomobillərin arasında "Hyundai Accent", "Hyundai Elantra", həmçinin "Nissan Micra", "Nissan Maxima", "Nissan X-trail", "Infiniti M37" yeni modellərin təqdimat mərasimi keçiriləcək. İlk dəfə olaraq sərgidə kommersiya nəqliyyatı sektorunda dünya premyerası yer tutacaq. Azərbaycan ilk ölkə olacaq ki, sərgidə TezAuto avtobusu təqdim olunacaq. Beləliklə, AutoShow sərgisinin ziyarətçiləri yeniliklərin ilk sahibi olmaq imkanını qazanacaqlar. Avtomobillərin yaddaqalan təqdimat mərasimlərinin bəxş edəcəyi təəssüratları isə hər gün "Bakı Ekspo" mərkəzinin xarici meydançasında keçiriləcək sevimli modellərin "test-drayv"ı tamamlayacaq.

Təşkilatçılar sərginin "AutoShow News" rəsmi qəzetinin nəşrini də davam etdirəcəklər. Sözügedən qəzet sərginin ilk iş gününün xəbərlərini, həmçinin sənaye xəbərlərini və avtomobil sektorunun əsas simaları ilə müsahibələri operativ şəkildə çatdırılacaq.

Bu il sərgi öz adi keçirilmə formatını dəyişəcək. Belə ki, "AutoShow" sərgisinin birinci iş günü (16 mart) mətbuat nümayəndələri və sərgiyə dəvət edilmiş xüsusi qonaqlar üçün eksklüziv ziyarət proqramı ilə başlayacaq. Bununla yanaşı, həmin gün sərgi öz işini 20:00-a qədər davam etdirəcəkdir ki, bu da sərgini iş günündən sonra ziyarət etmək imkanını təmin edəcək. Sərginin növbəti üç iş günü bütün ziyarətçilər üçün açıq olacaqdır.

Xəbər lenti

Xəbər lenti