...

Azərbaycanda Bakı ətrafının sosial-iqtisadi inkişafı üzrə tədbirlər planı hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 15:00 (UTC +04:00)
Azərbaycanda hazırlanmaqda olan 2011-2013-cü illər üçün Bakı ətrafı kəndlərin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində tədbirlər planı hazırlanır.
Azərbaycanda Bakı ətrafının sosial-iqtisadi inkişafı üzrə tədbirlər planı hazırlanır

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda hazırlanmaqda olan 2011-2013-cü illər üçün Bakı ətrafı kəndlərin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində tədbirlər planı hazırlanır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev deyib.

"Proqram təsdiq edilmək üçün Azərbaycan Prezidentinə təqdim ediləcək və ona əsasən SKMF vasitəsilə maliyyələşdirilmə üçün dövlət büdcəsindən əlavə vəsaitlərin ayrılmasının zəruriliyi müəyyənləşdiriləcək", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, hazırda fond həm regionlarda, həm də Bakı qəsəbələrində kredit vermək üçün kifayət qədər vəsaitə malikdir, lakin zərurət olacağı təqdirdə əlavə vəsaitlərin ayrılması məsələsinə baxılacaq.

Abdullayevin sözlərinə görə, milli fond tərəfindən Bakı kəndlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsi üçün prioritet istiqamətlər zeytunçuluğun intensiv inkişafı, zeytun emalı və qablaşdırılması müəssisələrinin, çörək istehsal edən kiçik və orta müəssislərin, quşçuluq təsəsrrüfatlarının yaradılması və ya müasir texnologiyalar tətbiq etməklə onların yenidən qurulması, istilikxana komplekslərinin təşkili, eləcə də kiçik sahibkarlığın dəstəklənməsidir.

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da ölkə paytaxtının və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı məsələləri ilə bağlı iclasda İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyət praktikasının dəyişdirilməsi ilə bağlı tapşırıq verib. İndiyədək SKMF güzəştli kreditləri əsasən ölkə regionlarında verib.

Dövlət rəhbəri fondun fəaliyyətini Bakının şəhərətrafı qəsəbələrində genişləndirilməsini və ya bu qəsəbələrdə kiçik və orta sahibkarlığın güzəştli kreditləşdirilməsi üzrə xüsusi fond yaradılmasını təklif edib. Prezident İlham Əliyev İqtisadi İnkişaf Nazirliyinə qısa müddət ərzində müvafiq təklifləri təqdim etməyi tapşırıb.

Güzəştli maliyyələşdirmə ölkədə zeytunçuluğun inkişafının və zeytun yağının istehsalının təmin edilməsi ilə bağlı məqsədlərdən birini daşımalıdır. Bunun üçün Bakı regionunda hər cür şərait var. Bu məsələnin həllinə xarici investorlar və Azərbayacn İnvestisiya Şirkəti cəlb ediləcək.

2011-ci ildə SKMF güzəştli kreditlərin maliyyələşdirilməsinə 125 milyon manat ayırmağı planlaşdırır. Əvvəllər verilmiş kreditlərin qaytarılması hesabına ümumi məbləği 91 milyon manat olan kreditlərin maliyyələşdirilməsi planlaşdırılır, 34 milyon manat isə dövlət büdcəsinin vəsaitləri hesabına veriləcək.

2010-cu ildə fond 115 milyon manatlıq kreditləri maliyyələşdirib. Bunun 71 milyon manatı əvvəllər verilmiş kredit vəsaitlərinin qaytarılmasının payına düşür.

2010-cu ildə SKMF güzəştli şərtlərlə 1430 sahibkara ümumi məbləği 115 milyon manat olan kreditlər verib. Bunun 99,8 faizi ölkə regionlarının payına düşür. Bu kreditlər 5600 yaxın yeni iş yerinin açılmasına xidmət edəcək.

Martın 18-nə olan rəsmi məzənnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti