...

İqtisadi İnkişaf Nazirliyinin elektron idarəetmə sisteminin və yenilənmiş internet səhifəsinin təqdimatı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2011 16:54 (UTC +04:00)
İyulun 1-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin elektron idarəetmə sisteminin və yenilənmiş internet səhifəsinin təqdimatı keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin elektron idarəetmə sisteminin və yenilənmiş internet səhifəsinin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 1 iyul /Trend/

İyulun 1-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin elektron idarəetmə sisteminin və yenilənmiş internet səhifəsinin təqdimatı keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı, "Microsoft", "ULTRA" və "Azerfon" şirkətlərinin dəstəyi ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələri iştirak edibşlər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib ki, İKT sektoru davamlı iqtisadi inkişafa nail olmaq üçün əsas vasitələrdən hesab edildiyindən Azərbaycanda bu sahənin inkişafına, iqtisadiyyatın bir çox sahələrində yeni və qabaqcıl texnologiyaların tətbiqinə böyük önəm verilir. Həsənova müasir texnologiyaların tətbiqinin nazirliyin fəaliyyətində səmərəliliyin yüksəlməsinə, icra strukturu ilə vətəndaşlar və digər dövlət qurumları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına müsbət təsir göstərdiyini, elektron idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verib, bu sahədə İqtisadi İnkişaf Nazirliyində görülmüş işləri müsbət qiymətləndirib.

"Microsoft" şirkətinin Orta və Şərqi Avropa, Afrika üzrə direktoru Mustafa Kılıçaslan çıxışında dünyada "Elektron hökumət"ə yanaşma, eləcə də müasir texnologiyaların tətbiqinin dövlət idarəçiliyinin təkmilləşdirilməsində rolu barədə məlumat verib. Azərbaycan hökumətinin İKT-nin inkişafına göstərdiyi diqqətin təqdirəlayiq olduğunu vurğulayan Kılıçaslan, bu sahədə görülmüş işlərdən məmnunluğunu ifadə edib.

Sonra İqtisadi İnkişaf Nazirliyinin yenilənmiş internet səhifəsinin www.economy.gov.az təqdimatı keçirilib. Qeyd edilib ki, saytın başlıca üstünlükləri canlı əlaqə, müraciətlərin sayt vasitəsilə qəbulu və cavablandırılması, vətəndaşların qəbula yazılması, nazirliyin məlumatlarına abunə imkanının olmasıdır. Saytda interaktiv pəncərələrdən və video materiallardan geniş istifadə edilmiş, zəngin foto arxiv və effektiv axtarış sistemi yaradılmışdır.

Tədbirdə "Microsoft" şirkətinin gələcək texnologiyaları, həmçinin İqtisadi İnkişaf Nazirliyində yaradılmış elektron sənəd dövriyyəsi ilə bağlı filmlər nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti