...

Türkiyədə Azərbaycan bankının ilk nümayəndəliyi açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2011 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.Xəlilova/

"Texnika Bank" ASC xaricdə ilk nümayəndəliyinin açılışına icazə almaq məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib. Bu barədə bazar ertəsi Trend-ə bankın idarə heyətinin sədri Samir Hüseynov məlumat verib.

"Bankın 2015-ci ilədək yeni strateji inkişaf planına görə, birinci nümayəndəliyi Azərbaycanla Türkiyə arasında sıx qarşılıqlı əlaqələri, habelə ölkələr arasında mal dövriyyəsinin böyük həcmini nəzərə alaraq İstanbulda açmağı planlaşdırırıq", - Hüseynov deyib.

"Texnika Bank" Türkiyə bazarında ilk Azərbaycan bankı olacaq, çünki indiyədək digər banklar tərəfindən bu ölkədə struktur bölmələrin açılacağına dair planların səsləndirilməsinə baxmayaraq, hələlik onlardan heç biri bu bazara çıxmayıb.

Hüseynovun sözlərinə görə, "Texnika Bank"ın Türkiyədə nümayəndəliyinin açılması Türkiyə bankları ilə sıx əməkdaşlığı yoluna qoymağa, ticarət maliyyələşdirilməsinin genişləndirilməsi üçün əlavə imkanların yaranmasına imkan verir.

"Biz Azərbaycan və Türkiyə bazarlarına sərmayə qoymaq istəyən Azərbaycan, həm də Türkiyə şirkətlərinə kömək etməyə və onlara öz bank məhsullarımızı təklif etməyə hazırıq", - bankın rəhbəri bildirib.

Strategiyaya əsasən, bankın Türiyə bazarı ilə yanaşı daha iki ölkənin - Rusiya və BƏƏ-nin bank bazarlarına çıxmaqla bağlı planları var. "Biz Moskvada və Dubayda nümayəndəliklər açmağı planlaşdırırıq, lakin bu planların reallaşdırılması müddəti hələ dəqiqləşdirilməyib", - Hüseynov bildirib.

"Texnika Bank" Azərbaycan Beynəlxalq Bankından, Qafqaz İnkişaf Bankından və "Zamin Bank"dan sonra ölkənin hüdudlarından kənarda təmsil olunacaq artıq dördüncü bank olacaq.

"Texnika Bank" bank bazarında 1993-cü ildən fəaliyyət göstərir və 2007-ci ilədək 100 faiz Azərbaycan bankı olub. Bu gün bankın majoritar səhmdarı kimi "World Wines" şirkəti çıxış edir. Şirkət bankın səhmlərinin 75 faizinə sahibdir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15 faizinə, ABŞ-ın "Kazimir Investment Caspian Fund" holdinqi isə səhmlərin 10 faizinə nəzarət edir.

Xəbər lenti

Xəbər lenti