...

Azərbaycanın pensiya sığorta sisteminin uzunmüddətli inkişaf modeli 2012-ci lin sonunadək hazır olacaq - DSMF sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2011 19:21 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycanın pensiya sığorta sisteminin uzunmüddətli inkişaf modelini hazırlayacaq şirkət müəyyən ediləcək.
Azərbaycanın pensiya sığorta sisteminin uzunmüddətli inkişaf modeli 2012-ci lin sonunadək hazır olacaq - DSMF sədri

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir A.Axundov/

Yaxın günlərdə Azərbaycanın pensiya sığorta sisteminin uzunmüddətli inkişaf modelini hazırlayacaq şirkət müəyyən ediləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.

"Dünya Bankı ilə Azərbaycanda sosial müdafiənin inkişafı üzrə birgə layihə çərçivəsində şirkətin müəyyənləşdirilməsi ilə bağlı tender başa çatıb. Həmin şirkət ölkənin pensiya sığorta sisteminin gələcək inkişaf modelini hazırlayacaq. 5 və ya 6 şirkət öz tender təkliflərini təqdim ediblər. Fond, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin nüamyəndələrinin daxil olduğu tender komissiyası bu təkliflərə baxır və qalib yaxın bir neçə gündə müəyyənləşəcək", - Müslümov bildirib.

Bu layihə DB-nin krediti hesabına maliyyələşdirilir və bütün aktuar hesablamaların və Azərbaycanın 2015-ci ildən sonra pensiya sığorta sisteminin gələcək əsas parametrlərinin inkişafını nəzərdə tutur.

Onun sözlərinə görə, qalibin əsas funksiyaları Azərbaycanın mövcud pensiya sığorta sisteminin son qiymətləndirilməsindən, eləcə də yaxın 25-30 ildə Azərbaycanın pensiya sığorat sisteminin inkişaf modelinin hazırlanması üçün tədqiqatların aparılmasından ibarətdir.

"Bu işlərin il yarım ərzində - gələn ilin sonunadək başa çatdırılması planlaşdırılır", - Müslümov bildirib.

Onun sözlərinə görə, Dövlət Fondu öz gücü ilə belə hesablamaları aparmağa çalışıb, lakin modelin yaradılması üçün istifadə olunan komponentlər lazımi qədər olmayıb.

"Buna görə də hazırda daha ətraflı və özündə daha çox amilləri əks etdirən modelin yaradılmasına ehtiyac duyulur", - Müslümov əlavə edib.

Müslümovun sözlərinə görə, ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) maliyyələşdirdiyi dəyəri 1,1 milyon dollar olan layihə çərçivəsində ABŞ-ın "Overture Financial Ltd" şirkəti artıq belə modelin ilkin variantını təqdim edib.

"Biz onlardan bu variantı tamamlamağı və modelə lazımi əlavə və dəyişikliklər etməyi xahiş etmişik. Hazırda bunun üzərində iş aparılır, nəticələr sentyabr-oktyabr aylarında geniş ictimaiyyətə təqdim olunacaq", - Müslümov bildirib.

Onun sözlərinə görə, indi əsas vəzifə pensiya sığorat sistemində sığorat haqları ödəyən şəxslərin qeydiyyat sayının artırılmasıdır.

"Bu, qeyri-formal sektorun sayını azaltmağa imkan verəcək. Aktuar hesablamalar göstərəcək ki, onların sayının 5 faiz artması ilə bizdə hansı əlavə imkanlar yaranacaq", - Müslümov əlavə edib.

"Azərbaycanda sosial müdafiənin inkişafı" layihəsi üzrə 54,6 milyon dollar dəyərində kredit sazişi DB və Azərbaycan hökuməti arasında 2008-ci ilin noyabrında imzalanıb. Layihənin maliyyələşməsi üçün DB Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə (10 illik güzəşt dövrü, illik 0,75 faizlə 35 il müddətinə) 26,7 milyon dollar verəcək.

Layihə dörd komponentdən ibarətdir: əmək bazarı sisteminin tam müasirləşməsi, o cümlədən əmək qanunvericiliyinin, əməyin mühafizəsi sisteminin, məşğulluq xidməti işinin təkmilləşdirilməsi; sosial təminat sistemi siyasətinin formalaşdırılması; pensiya sisteminin müasirləşdirilməsi və layihənin idarə olunması.

Layihə çərçivəsində peşəkar təlim sisteminin tam institusional inkişafı və müasirləşdirilməsi, Avropa təcrübəsi əsasında peşəkar təsnifatçıların hazırlanması, eləcə də nazirlik yanında peşəkar təlim mərkəzinin yaradılması nəzərdə tutulur. Bundan başqa, layihənin başlıca məqsədi ölkədə pensiya sisteminin inkişafı, sosial müdafiə orqanlarının gücləndirilməsi, sosial xidmətlərin yaxşılaşdırılması, ünvanlı sosial yardımın təkmilləşdirilməsi və kadr potensialının möhkəmləndirilməsidir.

Layihə 2008-ci ildən 2013-cü ilədək hesablanıb.

Xəbər lenti

Xəbər lenti