...

Azərbaycanda işçilərini istehsalatda bədbəxt hadisələrdən icbari sığortalamayan şirkətlərə qarşı nəzarət sərtləşdirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir A.Axundov/

Öz işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmək istəməyən şirkətlərə qarşı daha sərt nəzarət tədbirlərinin görülməsinin vaxtı çatıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə maliyyə nazirinin müavini Azər Bayramov məlumat verib.

"Bu gün elə şirkətlər var ki, öz işçilərini bu növ üzrə sığortalamaq istəmirlər, - nazir müavini bildirib. - Və bu məsələlər üzrə nəzarəti Əmək və Əhalinin Sosial Müdasfiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi həyata keçirir".

Onun sözlərinə görə, hələlik bu şirkətlərə qarşı sanksiyaların tətbiqi haqqında məlumat yoxdur.

2011-ci ilin yanvar-may aylarında Azərbaycanın sığorta şirkətlərinin istehsalatda peşə xəstəlikləri və bədbəxt hadisələr nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqları 11,941 milyon manat təşkil edib. Bu, yanvar-aprelin göstəricisindən 37,12 faiz çoxdur.

Mayda "Atəşgah Həyat" sığorta şirkəti tərəfindən ölkədə sığortanın bu növü üzrə ilk və hələ ki yeganə ödəniş edilib.Yol nəqliyyat hadisəsi nəticəsində Bakının qida sənayesi müəssisələrinin bir əməkdaşı (sürücü) həlak olub. Birdəfəlik ödənişin məbləği bağlanmış müqavilənin sığorta məbləğinə əsasən 12 590 manat olub.

Azərbaycanda hazırda həyat sığortası üzrə cəmi 3 şirkət fəaliyyət göstərir. Onlar istehsalatda peşə xəstəlikləri və bədbəxt hadisələr nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə xidmətlərin göstərilməsi üçün lisenziyaya malikdirlər. Bunlar "Atəşgah Həyat, "Qala Həyat" və "Paşa Həyat" şirkətləridir.

Azərbaycanda cəmi 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

İyulun 7-nə olan rəsmi məzənnə 0,7870 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti