...

Bakı ilə Urumçi arasında reyslərin sayı artırıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2011 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir A.Axundov/

Bazar ertəsi Bakıda Azərbaycan və ÇXR-in Sinszyan-Uyğur Muxtar Respublikası (SUMR) arasında ticari-iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun birinci iclasında Bakı ilə Urumçi arasında reyslərin sayının artırılması məsələsini nəzərdən keçirmək qərar alınıb.

Hazırda bu marşrut üzrə həftədə beş reys həyata keçirilir, onlardan ikisi "Azərbaycan Hava Yolları", üçü "China Southern Airlines" ("Cənubi Çin Hava Yolları") tərəfindən yerinə yetirilir.

"Bu məqsədlə hər iki tərəfin aviaşirkətlərinin səlahiyyətli nümayəndələri 2011-ci ilin sonunadək ikitərəfli danışıqlar aparacaqlar", - iclasın yekunları üzrə imzalanan protokolun mətnində deyilir.

Eləcə də tərəflərin təyin etdikləri aviaxətlərdən qarşılıqlı effektiv istifadə məqsədilə aviaşirkətlərə kommersiya əlaqələrinin genişləndirilməsi üçün SPA, Code Share və digərləri ilə sazişlər imzalamaq tövsiyə olunur.

"Nəqliyyat, o cümlədən dəmiryol sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə hər iki tərəfin müvafiq strukturları arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması, kombinasiya edilmiş yüklərin daşınmasının həyata keçirilməsi tövsiyə olunur", - protokolda deyilir.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və Trans-Avropa və Trans-Asiya dəmiryolları şəbəkəsinin birləşdirilməsini nəzərdə tutan yeni Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatdırılması nəzərə alınaraq, tərəflərə bu marşrutla Asiyadan Avropa istiqamətində və əksinə daşınan yüklərin cəlb edilməsi üzrə mühüm tədbirlərin görülməsi tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti