...

Azərbaycanda taxıl, meslin və unun ƏDV-dən azad olunması ləğv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2011 12:51 (UTC +04:00)
Nazirlər Kabineti iyulun 10-dan idxal olunan taxıl, meslin (buğda və çovdarın qarışığı), buğda və çovdar ununun ƏDV-dən azad edilməsinin ləğvi haqqında qərar qəbul edib.
Azərbaycanda taxıl, meslin və unun ƏDV-dən azad olunması ləğv edilib

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın Nazirlər Kabineti iyulun 10-dan idxal olunan taxıl, meslin (buğda və çovdarın qarışığı), buğda və çovdar ununun ƏDV-dən azad edilməsinin ləğvi haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

Bu qayda 2010-cu il dekabrın 3-dən tətbiq edilmişdi və 2011-ci il avqustun 1-dək qüvvədə olmalı idi. Azərbaycanda ƏDV dərəcəsi 18 faiz təşkil edir.

2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə Dövlət Proqramına əsasən, ölkədə taxıl istehsalının həcmi ildə 2,8 milyon ton səviyyəsində təmin olunmalıdır. 2010-cu ildə 2009-cu ildəkindən 147 min hektar az torpaq əkilib.

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə il ərzində buğda əkini sahələri 51,4 faiz azalıb.

"2011-ci ilin iyununa 268 hektar sahədə buğda əkilib, ötən il bu rəqəm 551 hektar təşkil edib", - nazirlikdən bildirilib.

Bir müddət əvvəl kənd təsərrüfatı naziri İsmət Abasovun dediyi kimi, Azərbaycanda 2011-ci ildə 2,5 milyon ton taxıl istehsalı gözlənilir. Bu, ötən ilin göstəricisini 500 min ton üstələyir.

"Hava şəraiti əlverişli olsa, biz 2,5 milyon ton taxıl istehsalını proqnozlaşdırırıq. Bunun 1,7 milyonu ərzaq buğdasının payına düşəcək", - Abasov qeyd edib.

2011-ci ildə 800 min ton arpa istehsalı planlaşdırılır.

Ötən il ərzində ölkədə 2000,9 min ton taxıl yığılıb. Bu, 2009-cu ildəkindən 33 faiz azdır. Hər 1 hektar torpaqdan orta hesabla 20,7 sentner taxıl yığılıb.

Nazirin sözlərinə görə, bu gün ölkənin taxıla tələbatı 3-3,2 milyon tondur.

"Çatışmayan hissə digər ölkələrdən idxal ediləcək. Bu gün Azərbaycan taxılı Rusiya və Qazaxıstandan idxal edir", - nazir qeyd edib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda əlverişsiz hava şəraitinə görə taxıl istehsalı həcminin azalmasına baxmayaraq, ölkədə məhsulun bu növü üzrə qıtlıq müşahidə edilmir.

"Digər kənd təsərrüfatı məhsulları kimi, taxıla tələbat da bu il tam ödəniləcək", - Abasov əlavə edib.

Xəbər lenti

Xəbər lenti