...

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin cəsədlərinin tanınması DNT ekspertizası tələb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2011 10:51 (UTC +04:00)
İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin cəsədlərinin tanınması üçün DNT ekspertizasının aparılması məqsədilə həlak olanların qohumlarından analizlər götürülür.
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin cəsədlərinin tanınması DNT ekspertizası tələb edir

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir S.Əliyev/

İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin cəsədlərinin tanınması üçün DNT ekspertizasının aparılması məqsədilə həlak olanların qohumlarından analizlər götürülür. Trend-in məlumatına görə, bu barədə şənbə günü hadisənin araşdırılması üzrə Azərbaycan komissiyasının üzvü Adil Qasımov bildirib.

"DNT ekspertizası nəticəsində tanınması mümkün olacaq cəsədlər qohumlarına veriləcək. Tanınması mümkün olmayanlar itkin düşmüş elan ediləcəklər", - "Silk Way" aviaşirkəti direktorunun müşaviri olan Qasımov deyib.

Onun sözlərinə görə, ekipaj üzvlərinin meyitləri yaxın vaxtlarda Bakıya gətiriləcək.

Dünən axşam Azərbaycanın Pakistan və Əfqanıstandakı səfirliyinin nümayəndəsi Trend-ə bildirib ki, Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 təyyarəsinin ekipaj üzvlərinin meyitləri tapılıb və onlar hazırda Kabil şəhər xəstəxanasındadırlar.

9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar. Bütün ekipaj üzvləri həlak olub.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xəbər lenti

Xəbər lenti