...

Azərbaycanda tikinti-montaj xidmətləri üzrə müəssisə özəlləşdirilməyə çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2011 13:16 (UTC +04:00)
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi "Azərenerjitikintiquraşdırma" SC-nin səhmlərinin 65,81 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Azərbaycanda tikinti-montaj xidmətləri üzrə müəssisə özəlləşdirilməyə çıxarılıb

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tikinti-montaj xidmətləri göstərən "Azərenerjitikintiquraşdırma" SC-nin səhmlərinin 65,81 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin "Mülkiyyət" qəzetində deyilir.

Müsabiqədə yerli fiziki və hüquqi şəxslər və xarici investorlar iştirak edə bilərlər. İddiaçılar müəssisənin fəaliyyətinin bərpası üzrə təkliflərdən ibarət investisiya proqramını təqdim etməlidirlər.

İddiaçılar həmçinin investisiya layihəsinin dəyərinin 5 faizi məbləğində bank zəmanətini və 570 min manat məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsi haqqında təklifi təqdim etməlidirlər.

"Azərenerjitikintiquraşdırma" tikinti-montaj işlərinin həyata keçirilməsində ixtisaslaşıb. Müəssisə Bakının Səbail rayonunda yerləşir.

SC-nin nizamnamə kapitalı 1 iyul 2011-ci il tarixinə olan məlumata görə, 1,446 milyon manat təşkil edir və bu məbləğə hər birinin nominal dəyəri iki manat olan 723 100 səhm buraxılıb. Müsabiqənin mövzusu ümumi nominal dəyəri 951,7 min manat olan 475 857 səhmdir.

Müəssisənin 4,041 mlyon manat məbləğində borcu var, o cümlədən 143,5 min manat əməkhaqqı, 3,9 milyon manat xammal, işlər və xidmətlər üzrə borc təşkil edir. Müəssisənin debitor borcları 3,154 milyon manatdır.

İddiaçılar müsabiqənin tələbləri, özəlləşdirmə planı ilə tanış ola və 5 sentyabr 2011-ci il saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Ü.Səfərov küçəsi, 20 ünvanında əlavə məlumat ala bilərlər. Sənədlər və təkliflər 5 sentyabr saat 10:00-dan 17:00-dək qəbul olunur.

Təkliflərə sentyabrın 7-si saat 11:00-dan komitənin binasında Müsabiqə Komissiyası tərəfindən baxılacaq.

İyulun 30-na olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti